Elşən Bağırzadə: "Tələbələrin distant dərslərə göstərdiyi maraq məni sevindirdi"
Ölkəmizin ali təhsil sistemində innovativ ideyaların ünvanı kimi tanınan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də koronavirus pandemiyasının doğurduğu çağırışlara adekvat və çevik münasibət göstərərək tədrisin fasiləsizliyinin təmin olunmasında təşəbbüskar universitet vizyonunu ortaya qoyaraq ilk gündən distant təhsilin geniş istifadəsinə start verib.
Məsafədən təhsilə keçid UNEC üçün çətin olmadı ki? Hazırda ali məktəbdə distant təhsilin tətbiqi necə keçir və hansı nəticələr var?
UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə "Azərbaycan müəllimi"nə verdiyi müsahibəsində ali təhsil müəssisəsində məsafədən təhsilin təşkili və üstünlükləri barədə fikirlərini bölüşüb:
- İlk növbədə bildirmək istəyirəm ki, distant təhsilin inkişafı UNEC-in strateji hədəfləri arasındadır. Universitetin hələ ötən il qəbul edilən “UNEC-100” İnkişaf Strategiyasında ali məktəbin ölkədə ən geniş distant təhsil xidmətləri göstərən universitetə çevrilməsi hədəfi müəyyən edilib. Həmçinin qeyd edilən sənəddə UNEC-in təhsilin tələb edilən bütün istiqamətləri üzrə distant təhsil proqramları ilə çıxış etməsi nəzərdə tutulub. Bildiyiniz kimi, ötən ildən 20 min təhsilalana məsafədən təhsil imkanı verən ən müasir texnologiyalarla təchiz edilmiş “UNEC Extern” Mərkəzi fəaliyyətə başlayıb. Bundan əlavə, UNEC-də təhsilalanlar və təhsilverənlər arasındakı əlaqələri tam şəkildə elektron müstəviyə keçirməyə imkan verən “Eduman” – elektron tədris sistemi də artıq bir neçə ildir ki, fəaliyyətdədir. Eyni zamanda tədris prosesinə xidmət edən digər köməkçi sistemlər də tamamilə elektronlaşdırılıb. Bir sözlə, koronavirus pandemiyası başlayana qədər, artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi.
Bu baxımdan məsafədən tədrisə keçid UNEC üçün demək olar ki, çətin olmadı. Xüsusi karantin rejiminə qədər distant dərslər “UNEC Extern” vasitəsilə həyata keçirildi, xüsusi karantin rejimindən sonra isə “Eduman” – elektron tədris sistemi “ZOOM” platforması ilə inteqrasiya edilərək dərslər davam etdirilir. Artıq ikinci həftədir ki, dərslər universitetin cari semestr üzrə təsdiq edilmiş dərs cədvəlləri üzrə aparılır.
Ötən həftə üzrə verilən məlumatların təhlili göstərir ki, cədvəl üzrə nəzərdə tutulan distant dərslərin 98%-i uğurla baş tutub. Mən özüm də UNEC-in dosenti olaraq keçən həftə üçün nəzərdə tutulan dərslərimi distant formada keçdim. Özü də Bakıda deyil, rayonda olmağıma baxmayaraq, heç bir texniki problemlə qarşılaşmadım. Tələbələrin distant dərslərə göstərdiyi maraq isə məni sevindirdi.
- UNEC-in bütün tələbələri distant təhsilə cəlb oluna bilibmi?
- Qeyd etdiyim ki, distant dərslər cari semestr üçün əvvəlcədən təsdiq edilmiş dərs cədvəlləri üzrə aparılır. Bu baxımdan nəzərdə tutulan bütün tələbələr və müəllimlər prosesdə iştirak edir, dərslərin gedişi qeydə alınır və elektron yaddaşda saxlanılır. Hazırda UNEC-in sub-bakalavr, bakalavr və magistr təhsil pillələrindəki bütün təhsilalanları distant təhsilə cəlb edilib.
- UNEC-in tələbələri bu formatda təkcə dinləyicidir, yoxsa həm də dərslərə (imtahanlara) hazırlaşırlar?
- Xeyr, təkcə dinləyici deyillər. Distant dərslər mühazirə və seminar dərsləri şəklində davam etdirilir. Şübhəsiz ki, distant dərslərin əsas məqsədlərindən biri də tələbələri imtahanlara daha yaxşı hazırlamaqdır.
- UNEC-in filiallarında bu proses necə qurulub?
- UNEC rektorunun müvafiq əmri və təsdiq edilmiş müvafiq tədbirlər planına uyğun olaraq, UNEC-in Zaqatala filialında və Maliyyə-İqtisad Kollecində də distant dərslər eyni qaydada davam etdirilir. Distant dərslər evlərdən, elektron formada aparıldığı üçün artıq burada elə bir fərq yaranmır, filialların təhsilalanları və təhsilverənləri də eyni elektron platformalardan istifadə edirlər.
- Distant tədris UNEC-in akademik mühitinə nə kimi effekt və töhfələr verib?
- Heç şübhəsiz ki, bu proses yeni başladığından, effektlərini və töhfələrini daha dəqiq müəyyən etmək üçün müəyyən zamana ehtiyac var. Ancaq ilk növbədə, onu qeyd edə bilərəm ki, distant təhsil sayəsində təhsil sektoru ölkənin bu pandemiyadan ən az itkilərlə çıxan sektorlarından olacaqdır. Belə ki, bir tərəfdən bu sektorda təhsil prosesi davam edir, digər tərəfdən də xərclərə önəmli ölçüdə qənaət etmək imkanı yaranır. Distant təhsil, bütövlükdə təhsil prosesi iştirakçılarına vaxtdan və maddi resurslardan daha səmərəli istifadə etmək fürsəti verir və sistemin çevikliyini mühüm dərəcədə artırır.
Ümid edirəm ki, bu kimi müsbət cəhətlərə görə distant təhsil ölkə təhsilinin gündəmindən bir daha çıxmayacaq, bu sahəyə investisiyalar artırılacaq və müvafiq qanunvericilik bazası da formalaşdırılacaq. Artıq yaxın gələcəkdə bütün dünya əhalisini potensial tələbəsi, bütün yer kürəsini də öz kampusu kimi görə bilməyən təhsil qurumlarının, xüsusilə də universitetlərin rəqabətə tab gətirməsi çətin olacaqdır.
Oruc MUSTAFAYEV