Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) distant ali təhsil sahəsində qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə distant ali təhsillə bağlı hər il keçirilməsi nəzərdə tutulan Beynəlxalq Foruma start verir. Almaniya, Türkiyə, Kanada, İngiltərə və ABŞ-da yaşayan azərbaycanlı alimlərin bir platformada toplaşdığı onlayn forum Azərbaycan dilində aparılacaq. Dünyanın aparıcı ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərimiz distant təhsillə bağlı öz dəyərli mülahizələrini forumda bölüşəcəklər.
Maraqlıdır, ölkədə ilk dəfə təşkil olunan bu forumum təhsilin inkişafına nə kimi təsirləri var?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı bu gün keçirilən forumun bütünlüklə təhsilimiz üçün əhəmiyyətli addım olduğunu bildirib:
“Koronavirus pandemiyasının yaratdığı şəraitdən cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində indiyədək az itki çıxan ölkələrdən birinin Azərbaycan olduğunu artıq həm də dünyada etiraf edirlər. Açıq şəkildə söyləmək lazımdır ki, vəziyyətdən çıxa bilən sahələrdən biri də təhsil sistemimiz oldu. Karantin rejimi şəraitində tariximizdə ilk dəfə olaraq orta və ali təhsil ocaqları dərsləri məsafədən təşkil etdi. Təbiidir ki, canlı sinif və ya auditoriya dərslərinin keyfiyyəti ilə müqayisədə məsafədən təhsilin keyfiyyəti arasında fərq olacaqdır. Amma ən başlıcası odur ki, bu iş bizdə uğurla təşkil edildi.
Azərbaycan Dövlət İqtisad Universitetinin təşəbbüsü ilə dünyanın qabaqcıl universitetlərində çalışan azərbaycanlı alimlərin iştirak edəcəyi videokonfrans formatında Beynəlxalq Forumun keçirilməsini yalnız müsbət qiymətləndirmək lazımdır. İlk növbədə, belə bir fakt sevindiricidir ki, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra keçən illər ərzində azərbaycanlı alimlərin dünyanın aparıcı universitetlərdə müəllim işləməsi və müxtəlif vəzifələr tutması millətimizin istedad və bacarığını göstərir. Azərbaycan təhsil sisteminin içindən çıxan həmin şəxslərin bu gün vətənlə bir yerdə olması örnəkdir. İkincisi, belə bir forumun keçirilməsi təcrübə mübadiləsində böyük rol oynayacaq və hesab edirəm ki, təkcə Azərbaycan Dövlət İqtisad Universiteti deyil, bütövlükdə təhsil sistemimiz üçün əhəmiyyətli olacaqdır”.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, UNEC-in təşkilatçılığı ilə keçirilən bu forum ölkədə distant təhsilin inkişafında yeni mərhələnin başlanğıcı olacaq:
“Koronovirus dünyanın siyasi, iqtisadi, sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişdi. Biz birdən-birə yeni, virtual dünyaya daxil olduq. Bu yenilik təhsil sisteminə də öz təsirini göstərdi. Artıq onlayn, məsafədən təhsil dövrü başlayıb. 2009-cu ildən qanuvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə çox az iş görüldü. Amma tətil elan edildikdən sonra məlum oldu ki, distant – məsafədən təhsil çox zəruridir.
Hazırda 50-dən çox ali təhsil müəssisəsində 165 min tələbə ənənəvi tədris prosesindən kənarda qalıb. Ali təhsil müəssisələrinin distant təhsil təcrübəsi çox az idi. Bu istiqamətdə ən çox iş görən İqtisad Universiteti olmuşdu. Məlumdur ki, distant təhsil fasiləsiz təhsilin ayrılmaz tərkib hissəsidir. Pandemiya dövründə UNEC-in müasir tələblərə cavab verən distant təhsil nümunəsini gördük.
Distant təhsildə bütün təhsil fəaliyyətləri: mühazirələr, seminarlar, laboratoriya işləri, kurs və diplom layihələri nəzərdə tutulur. UNEC Distant mərkəzi vasitəsi ilə təhsil alan tələbələrinə lazımi bütün informasiyaları verə bildi. Çünki prosesə hazırlıqlı idi.
Ümid edirəm ki, digər universitet və kolleclər UNEC təcrübəsindən istifadə edəcək. Bunun üçün yaxşı imkan yaranıb. Bu forum tələbələr, müəllimlər, geniş əhali təbəqələri üçün distant təhsilin əlçatan olmasını təsdiqləyəcək və təhsilin bu vacib növünün fəlsəfəsinə yeni çalarlar verəcək. Optimistlər üçün geniş fürsətdir.
Bu forumdan öyrənilməli çox şey var. Təkcə ali məktəb müəllimləri yox, orta məktəb müəllimləri də onlayn izləmək imkanına malikdirlər”.
Qeyd edək ki, sözügedən forum bu gün saat 16:00-da keçiriləcək. Onlayn forumu UNEC-in rəsmi Facebook (facebook.com/uneceduaz) səhifəsindən, Youtube (youtube.com/unecofficial) kanalından və unec.edu.az saytından canlı izləmək və suallar ünvanlamaq mümkün olacaq.