İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin ali təhsil sistemində radikal transformasiyalar müşahidə olunur. Bunların mahiyyəti universitetlərin innovasiyalı inkişafda və iqtisadi artımda həlledici rolu ilə bağlıdır. Deməli, universitetlərin sosial-iqtisadi funksiyaları dəyişilir: artıq ənənəvi olan təhsil və elmi missiyalarla yanaşı, sürətlə inkişaf edən iqtisadi fəallıq sferası yaranır. Bu çərçivəyə texnologiyaların işlənməsi və transferi, akademik elmin məhsullarının kommersiyalaşması və bazara çıxarılması, yeni bizneslərin yaranması və nəhayət, gəlir əldə etmək məqsədilə əqli mülkiyyətin menecmenti daxildir.
Bu fikirlər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun AZƏRTAC-a təqdim etdiyi “UNEC-in elmi tədqiqat fəaliyyəti: yeni çağırışlar və ona qarşı adekvat cavablar” məqaləsində yer alıb. Məqalədə universitetdə aparılan islahatlardan, iqtisad elminin və təhsilin inkişafından, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edə biləcək elmi mərkəzlərin yaradılmasından bəhs olunur.
Otuz bir tədqiqat mərkəzi yaradılıb
UNEC-də elmi fəaliyyətin idarə edilməsi sistemi araşdırma layihələri, universitet-biznes və ya real sektor əməkdaşlığı, tədqiqat mərkəzləri və institutlar, real və virtual araşdırma laboratoriyaları, texnologiyaların transferi və s. prioritet istiqamətləri əhatə edir.
Universitetdə elmi fəaliyyətin təkmilləşdirilməsi məqsədilə ilk olaraq hansı işlər görülüb?
2016-cı ildən “Thomson Reuters”in (“Clarivate Analytics” şirkəti) ali təhsil müəssisələrinin qlobal elmi bazası olan “Web of Science” platformasına abunə yazılıb. Dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters” şirkətinin təlimləri Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə İqtisad Universitetində təşkil olunub. MDB məkanı ölkələrində ilk dəfə olaraq UNEC-də elmmetriya haqqında biliklərin sistemləşdirildiyi “Elmmetriya üzrə vəsait: elm və texnologiyaların inkişaf indikatorları” kitabı tərcümə edilərək nəşr olunub.
UNEC-də Tədqiqat Fondu, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti, 31 tədqiqat mərkəzi, Gənc alimlər şurası təsis edilib, “UNEC Ekspert” jurnalı nəşr olunub. “Tədqiqat universiteti” statusunun tələblərinə uyğunlaşdırılması, rəqəmsal resurslardan istifadə etməklə müasir elmi ədəbiyyat və məcmuələrə daimi çıxışı olan kitabxana şəbəkəsinin yaradılması və kitabxana sisteminin modernləşdirilməsi məqsədilə əsaslı kitabxananın bazasında UNEC Kitabxana İnformasiya Mərkəzi (KİM) yaradılıb.
Beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atan UNEC nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiya etdiyinə görə “Clarivate Analytics” şirkətinin “Web of Science Awards - 2018” və “Most progressive universities in “Web of Science for the last 3 years” mükafatlarını qazanıb. Əməkdaşlıq müddətində UNEC-in professor-müəllim heyətinin “Web of Science”ə daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınıb. Belə ki, UNEC-in 1991-2018-ci illərdə “Web of Science”ə daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56 faizi (43 əsər) son 3 ilin payına düşür.
Prioritet istiqamətlər
Azərbaycan Dövlət İqtisad Universitetində elmi fəaliyyətin bir sıra prioritet istiqamətləri müəyyən edilib: iqtisad elminin müxtəlif sahələri üzrə milli elm məktəblərinin yaradılması prosesinə sistemli yanaşmanın təmin edilməsi; elm-təhsil-iqtisadiyyat üçlüyü arasında real məzmunlu inteqrativ bağlılığa nail olunması; professor-müəllim heyətinin aktiv şəkildə elmi-tədqiqat işlərinə cəlb edilməsi; iqtisad elminin müasir sahələrinin inkişafı, peşə hazırlığının yüksəldilməsi, təhsilin davamlı tərəqqisinin təmin olunması istiqamətində elmi nailiyyətlərdən istifadə; müasir elmi-innovativ metodların tədqiqat prosesində və təhsil sistemində effektiv tətbiqi; universitetin elmi-tədqiqat sferasının idarə olunmasının təkmilləşdirilməsi; elmi-metodoloji və elmi-texnoloji profil üzrə kompleks mövzuların müəyyən olunması; müasir elmi təcrübələrin universitetdə tətbiqi; qrantlar, dövlət vəsaitləri, təsərrüfat hesablı müqavilələr əsasında elmin maddi-texniki bazasının inkişaf etdirilməsi; iqtisad elmi ilə bağlı nəşrlərin hazırlanması və yayılması; universitetin əməkdaşlarının beynəlxalq səviyyəli jurnallarda məqalələrinin çapı ilə bağlı informasiya konsaltinq xidmətinin təşkili.
Texnologiya parkları ilə əməkdaşlıq
İnnovasiya yönümlü universitetlərdə elmi tədqiqatların və biliklərin kommersiyalaşdırılması təmin olunur. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil. Elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi istiqamətində UNEC texnologiya parkları ilə əməkdaşlıq çərçivəsində 500-dən çox sahibkarlıq qurumu, o cümlədən 60 iri müəssisə ilə əməkdaşlıq edir.
“UNEC İnkişaf İqtisadiyyatı” tədqiqat mərkəzi ilk dəfə “Azeri Light” neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması modelini qurub. Bu layihə SOCAR-ın sifarişi əsasında yerinə yetirilib və bu layihənin nəticəsi kimi hazırlanmış monoqrafiya “Springer” nəşriyyatı tərəfindən çap olunub. UNEC-də aparılan elmi tədqiqatların kommersiyalaşdırılması istiqamətində son vaxtlar həyata keçirilən işlər özəl şirkətlərdə, xüsusilə istehsal sahələrində ciddi maraq doğurur. Bununla bağlı UNEC və “Carlsberg Azerbaijan” MMC arasında əməkdaşlıq planları hazırlanıb. 2020-ci ilin fevral ayında UNEC dünya üzrə iqtisadi elmi tədqiqatlar sahəsində ən nüfuzlu mərkəzlərindən biri kimi Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Beləliklə, müasir dövrün çağırışlarına, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə UNEC elmin keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı ali təhsil müəssisələrindən birinə çevriləcək.