A

"525-ci qəzet"

ƏDALƏT MURADOV: "HƏR ZAMANKI BİLİK MÜBARİZƏSİNİN ŞAHİDİ OLACAĞIMIZA ƏMİNİK"

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iyunun 8-dən start verilən 2019-2020-ci tədris ilinin yaz imtahan sessiyası davam edir.

Koronavirus pandemiyasının yaratdığı mövcud vəziyyətə əsasən, UNEC-də semestr imtahanları distant formada şifahi və test üsulu ilə təşkil olunur. Distant imtahanlar virtual otaqlarda (studiyalarda) keçirilir.

UNEC-də tələbə biliyinin distant formada qiymətləndirilməsi dünya təcrübəsinə uyğun olaraq aparılır. İmtahanlar distant keçiriləcəyi halda obyektivlik və şəffaflıq təmin olunmaq şərtilə ciddi proktorinq sistemi (uzaqdan nəzarət sistemi) tətbiq olunur. Bununla yanaşı, tələbələrin imtahan proseslərinin videoqeydiyyatı da aparılır. Tələbə apellyasiyaya müraciət etdiyi zaman həmin videogörüntüdə tələbənin imtahan prosesini təkrar izləmək mümkün olacaq.

UNEC-in rektoru, professor Ədalət Muradov deyir ki, müvafiq proflaktik tədbirlərin görülməsi məqsədilə tədrisin dayandırılması distant dərslərə keçidi zəruri edib. Bu təcrübənin uğurlu tətbiqində fədəkar müəllimlərin, öyrənməyə həvəsli tələbələrin və yorulmadan çalışan əməkdaşların zəhməti və dəstəyi böyükdür: "Bu prosesə töhfə qazandıran hər kəsə öz dərin minnətdarlığımı çatdırıram. Məhz UNEC ailəsinin birgə səyi nəticəsində təhsilin davamlılığı təmin edildi və fənlər üzrə nəzərdə tutulan bütün mövzuların tədrisi yekunlaşdı. Mən bu gün imtahan verəcək bütün tələbələrə uğurlar arzu edirəm. Bu imtahan sessiyasında da obyektivlik və şəffaflıq prinsipinin qorunması təmin ediləcək, eləcə də tələbələrin hər zamankı bilik mübarizəsinin şahidi olacağımıza əminik. Mövcud vəziyyətin tələbləri nəzərə alınaraq bütün imtahanlar distant formada təşkil olunur. Atılan uğurlu addımlardan biri də ilk dəfə olaraq distant imtahanlarda proktorinq sisteminin tətbiqidir. Xüsusi təlimlərdən keçmiş proktorlar distant imtahanların qaydalar çərçivəsində təşkilinə tam dəstəyi göstərəcək".

Ə.Muradov bildirib ki, universitet səviyyəsində imtahan prosesinə nəzarət sistemində də təkmilləşmələr aparılıb. UNEC rəhbərliyi səviyyəsində və hər bir fakültədə Virtual Qərargah formalaşdırılıb ki, burada qarşıya çıxan məsələlərin operativ həlli təmin ediləcək. Fakültələrdə Virtual İmtahan Qərargahlarında imtahanlara birbaşa nəzarət edən proktorlar, proktorinq sistemini tənzimləyən subadminlər, fakültələr üzrə təşkil edilən bütün imtahan sistemini nəzarətdə saxlayan koordinatorlar təmsil olunurlar: "Distant imtahanların ilk günü 90 faizdən çox tələbə imtahanda iştirak etdi və imtahan verənlərin 98 faizi imtahanı uğurla başa vurdu. İmtahan nəticələrinə görə apellyasiya sistemi əvvəlki kimi fəaliyyət göstərəcək. Tələbələr imtahan sessiyası ilə bağlı bütün müraciətlərini fakültələrin qaynar xətt “Facebook” səhifələrinə, elədə də "UNEC Qaynar xətt" “Facebook” səhifəsinə ünvanlaya bilərlər".

UNEC-in İmtahan Mərkəzinin direktoru Söhrab İsayevin sözlərinə görə, universitetdə bakalavr və magistr pilləsi üzrə əyani və qiyabi formada təhsil alan bütün tələbələr üçün ayrılıqda güzəştlər edilib. Bu güzəştlərdən biri bakalavr pilləsi üzrə əyani təhsil alan tələbələr üçün yaradılan şəraitdir: "Fənn üzrə ayrılmış dərs saatının 25 faizdən artığında iştirak etmədiyi təqdirdə onlar imtahana buraxılmırdılar. Hal-hazırda bu məsələni ümumiyyətlə biz ləğv etmişik. Bu tələbələrə davamiyyətlə bağlı edilmiş güzəştdir. Biz tələbələrin davamiyyət qiymətini 10 bal olaraq qəbul edirik. Bakalavrlarımız qəbul etdiyi təqdirdə distant imtahanlarımızda iştirak edirlər. Əgər tələbə distant imtahandan imtina edərsə, həmən tələbələr üçün avqust-sentyabr aylarında ənənəvi qaydada imtahan verə biləcəklər".

S.İsayevin sözlərinə görə, əgər tələbə hər iki formadan imtina edərsə, növbəti tədris ilində fənlərdən alt qruplara yazılmaqla ona növbəti dəfə imtahan vermək şansı veriləcək. Bundan başqa, tələblər bu imkanlardan ödənişsiz əsaslarla yararlanacaqlar.

Mərkəzin direktoru internet problemləri olan tələbələr üçün universitetin xüsusi addım atdığını da deyir: "İnternet imkanları olmayan tələbələrimizin imtahanlarda iştirakını təmin etmək üçün bizim tərəfimizdən onlara 5GB internet hədiyyə olaraq verilir. Biz belə hesab edirik ki, onların imtahan verməsi üçün kifayət qədər həcmdir".

O əlavə edib ki, UNEC-də distant imtahan sessiyasının başlaması ilə əlaqadar virtual imtahan qərargahları yaradılıb. İmtahan sessiyası zamanı qarşıya çıxan məsələlərin operativ həlli məqsədilə yaradılan virtual qərargahlar həm fakültələr üzrə, həm də ümumi universitet üzrə fəaliyyət göstərir. Fakültələrdə virtual imtahan qərargahlarında imtahanlara birbaşa nəzarət edən proktorlar, proktorinq sistemini tənzimləyən subadminlər, fakültələr üzrə təşkil edilən bütün imtahan sistemini nəzarətdə saxlayan koordinatorlar təmsil olunurlar: "Məlumat üçün bildirim ki, imtahan sessiyasının təşkili qaydaları ilə bağlı tələbələrin mütəmadi olaraq məlumatlandırılıb. İmtahan Mərkəzinin rəhbərinin, eləcə də bütün fakültələrin dekanlarının qaynar xətt “Facebook” səhifələri üzərindən canlı yayımda tələbələrin suallarını cavablandırıblar. İmtahanlardan öncə tələbələrə sınaq imtahanları da keçirilib".

UNEC-in Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyev isə bildirib ki, UNEC rektorunun müvafiq əmri və təsdiq edilmiş müvafiq tədbirlər planına uyğun olaraq, UNEC-in Zaqatala filialında distant dərslər eyni qaydada davam etdirilib və uğurla başa çatdırılıb. İyun ayından etibarən isə filialda distant imtahanların keçirilməsinə başlanılıb. İmtahanların təşkili prosesi və qaydaları öncədən tələbələrin şəxsi kabinetlərinə göndərilib.

Filialda tətbiq olunan yeniliklərdən söz açan B.Alıyev qeyd edib ki, UNEC Elmi Şurasının qəbul etdiyi qərara əsasən, universitetin Zaqatala filialında struktur dəyişikliyi həyata keçirilib. İqtisadiyyat fakültəsinin yerinə  Zaqatala İqtisad Məktəbi yaradılıb. Filialda "Elektron universitet" modelinin və "Eduman" - elektron tədris sisteminin tətbiqinə başlanıb. "Elektron universitet" modelinin tətbiqi ilə əlaqədar müəllimlərə təlimlər keçirilib, tələbələr məlumatlandırılıb: "Filialda bütün müəllim və tələbələr üçün şəxsi kabinetlər açılıb, dərs cədvəlləri, tədris planları, fənn üzrə qruplar, tədris materialları, sərbəst işlərin qəbulu, apellyasiya müraciətləri, imtahan cədvəli və buraxılışları elektronlaşdırılıb".

Qeyd edək ki, UNEC İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini məsafədən izləməsi üçün lazımi şərait yaradılıb.

Millət vəkili, UNEC-in İctimai Nəzarət Şurasının koordinatoru Etibar Əliyev UNEC-in mövcud durumda operativliyini yüksək qiymətləndirərək, görülən işlərin təhsilin fasiləsizliyinin təmin olunmasına xidmət etdiyini deyir: "Artıq bir neçə ildir ki, UNEC distant təhsilin tətbiqi istiqamətində sistemli işlər aparılır. UNEC İctimai Şurasının koordinatoru kimi qeyd etmək istəyirəm ki,  bu işin çətinliyinə baxmayaraq, Azərbaycan Dövlət İqtisad Universiteti  artıq nümunə göstərə bilib. Düşünürəm ki, yaxın gələcəkdə distant  təhsil ənənəvi təhsili tamamlamaqla, həm də zənginləşdirməklə ölkəmizdə insan kapitalının inkişafına öz töhfəsini verəcək".

Millət vəkili vurğulayıb ki,  distant imtahan sessiyasını izləmək üçün ona göndərilən müvafiq linkə daxil olaraq imtahanları müşahidə edib: "Mən UNEC-də imtahan sessiyasının distant formada təşkili səviyyəsindən də çox razı qaldım".

Millət vəkili Arzu Nağıyev isə UNEC-də təşkil olunan distant təhsil barədə Milli Məclisdə müsbət fikirlər səsləndirildiyini, bu təcrübənin parlament üzvləri tərəfindən yüksək qarşılandığını deyib. Millət vəkili UNEC-lə yanaşı, Maliyyə İqtisad Kollecində də dərslərin distant təşkilinin yüksək səviyyədə aparıldığının şahidi olduğunu vurğulayıb: "UNEC-də distant imtahan sessiyası da yüksək səviyyədə təşkil olunub".

UNEC İctimai Nəzarət Şurasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, milli təcrübədə ilk dəfə İctimai Nəzarət Şurası üzvləri tərəfindən yazılı və şifahi distant imtahan sessiyasını onlayn izləmək imkanı əldə ediblər. Pandemiyanın distant təhsillə bağlı təşəbbüslərin sürətli həllinə yeni imkanlar yaratdığını deyən Əliməmməd Nuriyev, İctimai Nəzarət Şurasının üzvlərinə UNEC-də distant imtahanları müşahidə etmək imkanı yaradıldığını yüksək qiymətləndirib.  Onun sözlərinə görə, prosesi izləmələri üçün İctimai Nəzarət Şurasının üzvlərinə bütün fakültələr üzrə imtahan cədvəlləri və müvafiq linklər göndərilib. Şura üzvləri yazılı və şifahi distant imtahan sessiyasını izləmək üçün müvafiq linkə daxil olmaqla, cədvəl üzrə istənilən vaxt imtahanları müşahidə edə bilirlər.

Ə.Nuriyevin dediyinə görə, COVİD-19 pandemiyası yeni çağırışlar meydana gətirib, bunlardan biri də məhz bir çox sahələrdə hesabatlılıq və şəffaflığın təmin olunması, ictimai nəzarətin təşkili ilə bağlıdır: "Bu baxımdan UNEC təcrübəsi yeni çağırışlar fonunda adekvat və gələcəyə hesablanmış addım kimi dəyərləndirilməlidir. Artıq dünyada rəqəmsal, onlayn hesabatlılıq, onlayn iştirakçılıq məsələləri daha da aktuallaşıb, bu kontekstdə UNEC ölkəmizdə yeni təşəbbüsüylə ilk çığır açdı. Düşünürəm ki, bu addım ictimai nəzarətin təşkili ilə bağlı milli təcrübəmizi zənginləşdirəcək və onlayn formada, distant olaraq yeni ictimai nəzarət alətlərinin daha geniş tətbiqinə impuls verəcəkdir".

Millət vəkili Hikmət Məmmədov isə pandemiyadan öncə də UNEC-də distant təhsil təcrübəsinin olduğunu və distant təhsilin tətbiqi zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin ölkənin ali təhsil müəssisələri arasında öndə olduğunu bildirib. O, UNEC-in bu istiqamətdə təcrübəsinin təhsilimizə yeni keyfiyyət qazandıracağını deyib: "Mən UNEC-də tədrisin və imtahan sessiyasının distant formada təşkil olunmasını yüksək qiymətləndirirəm".

Təhsil eksperti Məlahət Mürşüdlü isə UNEC-in hər zaman olduğu kimi, mövcud durumda da məqsədyönlü addımlar atdığını deyib. UNEC-də distant imtahan sessiyası zamanı şura üzvləri tərəfindən mütəmadi olaraq müşahidələr apardıqlarını bildirib.

Sevinc QARAYEVA

TOP XƏBƏRLƏR