A

UNEC-də 2018/19-cu tədris ilinin qış imtahan sessiyası başlayıb. Sessiyada ümumilikdə 12234 əyani bakalavr və 3274 magistr iştirak etmək hüququ qazanıb.

Bu gündən start verilən yeni sessiya dövründə də tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilib.

Əvvəlki illərdə olduğu kimi bu il də UNEC-də imtahanlar ictimaiyyətə açıq keçirilir. Sessiyaya nəzarəti aparıcı təhsil ekspertlərindən, QHT və media nümayəndələrindən, tələbələrdən ibarət İctimai Nəzarət Şurası həyata keçirir. Sessiya dövründə Şura "açıq qapılar" keçirəcək, sorğu və müraciətləri qəbul edəcək. UNEC sessiya dövründə hər bir ictimaiyyət nümayəndəsi üçün qapılarını açmışdır. Hər bir valideyn övladının imtahanını izləyə bilər. Hər bir jurnalist imtahanları nəzarətçi qismində müşahidə edə bilər.

Şəffaflığı və obyektivliyin daha da effektiv təmin edilməsi məqsədi ilə sessiya dövründə UNEC-in “Qaynar xətt”i 18 46 müraciət və sorğuları operativ qəbul edir.

Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə yaradılmış imtahan komissiyaları tələbələrin müracitələrini qəbul etməyə hazırdır. Komissiyalar sessiya müddətində yarana biləcək sual və müraciətlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda mümkün nöqsanların aradan qaldırılması sahəsində zəruri addımlar atacaqlar.

İmtahanlara hazırlaşan tələbələrə 24 saat fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası xidmət göstərir. Tələbələrimiz həmçinin tədris korpuslarında imtahan sessiyası ilə əlaqədar gücləndirilmiş rejimdə 22.00-dək fəaliyyət göstərən Oxu zallarından istifadə edə bilərlər.

Qeyd edək ki, tələbələrin biliyinin daha da obyektiv qiymətləndirilməsi məqsədi ilə UNEC-də yazılı imtahanlara keçid surətlənir. 2018/19 qış imtahan sessiyasında iqtisadiyyat və idarəetmə ixtisasları, həmçinin texniki-texnoloji ixtisaslar üzrə yazılı imtahanlar keçiriləcək. Yazılı imtahanlar “Standartlaşdırmanın əsasları”, “İstehlak mallarının ekspertizasının nəzəri əsasları”, “İnformasiya texnologiyalarına giriş”, “İdarəetmə sistemləri”, “Mikrobiologiya, sanitariya və gigiyena”, “İqtisadiyyata giriş”, “Makroiqtisadiyyat” fənləri üzrə keçiriləcək.

Bütün tələbələrə imtahan sessiyasında uğurlar arzu edirik!

TOP XƏBƏRLƏR