Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək təhsilinin növbəti mərhələsinə hazırlaşan abituriyentlərin gələcək ixtisas seçiminə dəstək göstərilməsi, onların universitet mühiti, təhsil imkanları və karyera perspektivləri barədə ətraflı məlumatlandırılması məqsədilə UNEC-in Maliyyə və mühasibat fakültəsində “Açıq qapı” günü keçirilib.
Abituriyentlərlər görüşdə çıxış edən Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev ali təhsil seçimində düzgün qərar verməyin əhəmiyyətindən danışıb və fakültənin tədris imkanları barədə ətraflı məlumat verib.
O, fakültədə müasir əmək bazarının tələblərinə cavab verən, peşəkar bilik və bacarıqlara malik maliyyəçi və mühasiblərin hazırlanmasına xüsusi önəm verildiyini qeyd edib, tədris prosesində nəzəri biliklərlə yanaşı praktik hazırlığın gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, analitik düşüncə və peşə etikasının tələbələrin hazırlığının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Görüşdə UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib.
Sonra abituriyentlər auditoriyalar, kompüter laboratoriyaları və digər tədris məkanları ilə tanış olublar.
Görüş zamanı abituriyentlərin sualları cavablandırılıb.