Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Menecment” kafedrasının dosenti Həmid Zeynalovun təqaüdə yola salınması münasibətilə Biznes və menecment fakültəsinin və kafedranın əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
Tədbirdə UNEC kollektivi ilə yanaşı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHRK) sədr müavini Mirzə Cəfərzadə də iştirak edib.
İnzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov dosent Həmid Zeynalovun elmi-pedaqoji fəaliyyətindən söz açıb, yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında alimin müstəsna xidmətlərinin olduğunu qeyd edib.
Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova Həmid Zeynalovun pedaqoji fəaliyyətlə yanaşı, uzun illər universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışdığını, onun rəhbərliyi ilə bir çox uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb.
ATİAHRK-nin sədr müavini Mirzə Cəfərzadə konfederasiyanın rəhbərliyi adından Həmid Zeynalovu təbrik edərək, ona uzun ömür və cansağlığı arzulayıb.
Fakültə dekanı, dosent Mirağa Əhmədov alim haqqında xatirələrini bölüşüb, Həmid Zeynalovla universitet kollektivi arasında daima dostluq əlaqələrinin qorunub saxlanılacağına əminliyini ifadə edib.
Dosent Həmid Zeynalov UNEC-də həyata keçirilən yenilikləri yüksək qiymətləndirərək, bu ali təhsil ocağının qısa zamanda beynəlxalq reytinqlərdə yer almasından, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq etməsindən qürur duyduğunu bildirib.
Sonra dosent Həmid Zeynalova gənc nəslin yetişməsində, peşəkar mütəxəssilərin hazırlanmasında nümunəvi xidmətlərinə və səmərəli elmi pedaqoji fəaliyyətinə görə UNEC-in Fəxri fərmanı və xatirə hədiyyəsi təqdim olunub.
1947-ci ildə Ağdam rayonunda anadan olub. 1953-cü ildə M.Əzizbəyov adına Neft və Kimya institutunun Əməyin iqtisadiyyatı ixtisasına qəbul olunub. 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Əməyin iqtisadiyyatı ixtisası üzrə bitirib. 1969-cu ildə “Əməyin iqtisadiyyatı” kafedrasında laborant, 1976-cı ildən həmin kafedra üzrə müəllim, 1980-ci ildən baş müəllim, 1988-ci ildən isə dosent vəzifəsində çalışıbdır.
İqtisadiyyatın müxtəlif sahələri üzrə 35 elmi məqalələri vardır. Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasınıda dosent vəzifəsində çalışıb.