UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının müdiri vəzifəsinə yeni təyinat olub.
Tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev yeni kafedra müdiri, dosent Sevinc Abbasovanı kollektivə təqdim edib.
Qeyd: Sevinc Abbasova 1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki UNEC) Sənayedə mühasibat uçotu ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadi təhlil” kafedrasının müəllimi, baş müəllimi, 2004-2017-ci illərdə “İqtisadi təhlil və audit”, sonra “Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifələrində çalışıb. 2017-ci ilin sentyabr ayından Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti, “Mühasibat uçotu və audit” ixtisasının rəhbəri olub. 2012-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın eksperti işləyib. Müxtəlif illərdə UNEC-in tədris-metodiki şurasının, FD 02.052 dissertasiya şurasının elmi katibi vəzifələrində çalışıb.
S.Abbasova 70-dən artıq elmi əsərin, o cümlədən, 2 dərsliyin, 2 dərs vəsaitinin, 1 monoqrafiyanın müəllifidir. 10-dan çox elmi məqaləsi xarici ölkələrdə nəşr olunub. İşlədiyi müddətdə elmi-pedaqoji fəaliyyəti və universitetin ictimai həyatındakı fəal iştirakına görə təşəkkürnamələr alıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqçıl təhsil işçisi” adlı döş nişanı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.