Şamaxı Hazırlıq Mərkəzinin 70 nəfərə yaxın abituriyenti “UNEC-də bir gün” layihəsində iştirak edib.
UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və Şamaxı Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tanışlıq günündə abituriyentlər UNEC-in əsas tədris binasında olublar.
Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova, Yaradıcılıq Mərkəzinin rəhbəri Elman Telmanoğlu abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, UDİD, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə ətraflı məlumat veriblər və abituriyentləri maraqlandıran sualları cavablandırıblar.
Sonra abituriyentlər üçün UNEC-də infotur təşkil olunub. Onlar oxu zalı, 24/7 kitabxana, Bloomberg laboratoriyası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, Extern Mərkəzi ilə tanış olublar.
Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.