A

Xəyyam Gözəlov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes inzibatçılığı  fakültəsinin IV kurs tələbəsidir. “Made in Azerbaijan” müsabiqəsində “Xarı Bülbül (Karabakh house)” biznes ideyası ilə III yerin qalibi olub. unec.edu.az saytına müsahibəsində Xəyyam biznes ideyası haqqında danışıb:

-Xəyyam, biznes ideyanız haqqında məlumat verməyinizi istərdik.

-Biznes ideya sağlam qida üzərində qurulan brend çay evi xidmətidir.“Xarı Bülbül (Karabakh house)” adı altında fəaliyyət göstərəcək bu xidmət sahəsində müştərilərə Azərbaycan məhsulları ilə zəngin olan çay dəsgahı təqdim olunacaq. Müştərilər bu məkanda sadəcə gündəlik həyatımızda alışdığımız adi çaylardan içməyəcəklər. Onlara burada təbii bitkilərdən hazırlanan şəfalı çaylar və təbii qidalar təklif ediləcək.

-“Xarı Bülbül (Karabakh house)” biznes ideyası əsasən hansı bazarda fəaliyyət göstərmək üçün nəzərdə tutulub?

-İlkin olaraq xidmətlərimizi daxili bazar üçün təqdim edəcəyik. Bu, həm də bizə təcrübə qazandıracaq. Sonra isə xarici bazarlara çıxmağı planlaşdırırıq.

-“Xarı bülbül” yalnız çay evi kimi fəaliyyət göstərəcək?

-İlkin mərhələdə təbii çaylar, Lənkəran çayı, Azərbaycana aid digər qida məhsullarının – şirniyyatlar, mürəbbələrin çay dəsgahında servisini nəzərdə tuturuq. Gələcəkdə həmin brend altında bu məhsulların satışı da təşkil olunacaq. Azərbaycanın milli xörəklərini də xidmətə daxil etməyi düşünürük. Ümumiyyətlə, Azərbaycanı tanıda biləcək bütün qida məhsulları ilə xidmət göstərmək fikrindəyik.

-Azərbaycanda kifayət qədər çay məkanları var. Rəqabətə hazırsınızmı?

-Şəhərimizdə kifayət qədər çay evi var, lakin təbii çay servisi xidməti göstərən məkanlar azdır, demək olar yoxdur. Ona görə də bu bazarda özümüzə ciddi rəqib görmürəm.

-Məhsulları haradan əldə etməyi düşünürsünüz?

-Bu istiqamətdə də araşdırmalar aparmışıq. Hətta Lənkəran və Zaqatala çay istehsalçıları ilə danışıqlar da aparmışıq. İdeya reallaşacağı təqdirdə, çayları birbaşa onlardan alacağıq.

-Hansı çay növlərini servis etməyi necə, bunu da müəyyən etmisiniz?

-Bütün şəfalı bitkilərdən istifadə etmək fikrindəyik. Məsələn, çökə, mixək, darçın, kəklikotu... Bunlar ilkin olaraq ən tanınan növlərdir. Sadə çaydan başqa, 25-30 çeşiddə cay növünü servis etməyi düşünürük. Yanında təklif olunan məhsullar isə müştərilərin zövqündən və istəyindən asılı olaraqveriləcək.

-Elə bitkilər var ki, onlardan hazırlanan çayların müalicəvi əhəmiyyəti olduğu kimi, əks təsirləri də olur. Bunu necə müəyyənləşdirəcəksiniz?

-Bu da biznes planda nəzərə alınıb. Masaların üzərinə müştəriləri məlumatlandırmaq üçün blanklar qoyulacaq. Həmin blanklarda onlar fitoterapiya haqqında məlumat əldə edəcəklər. Məsələn, şəkərli diabetlər hansı bitkilərin çayından istifadə edə bilər, yaxud edə bilməz. Bu barədə blanklarda qeydlər olacaq.

-“Xarı bülbül” brendinin xaricdə tanıdılmasını necə planlayırsınız? Bu rəqabətə hazırsınız?

-Bu sahə Azərbaycanda kifayət qədər ixtisaslaşdığı və xammalın bol olduğu üçün düşünürəm ki, çətin olmayacaq. Araşdırmalarımız göstərdi ki, xarici ölkələrdə təbii məhsullara tələbat çox olduğundan həmin ölkələrdə yaşayanlar belə məhsullara kifayət qədər pul xərcləyirlər. Xarici bazarda bu boşluqları nəzərə alaraq təbii məhsullaraartan tələbi düzgün şəkildə qiymətləndirsək, bu xidmət sektoru ilə uğur qazanmaq mümkündür.

-MDB məkanında Qarabağ adını daşıyan çoxlu sayda restoran və kafelər var. Hətta bəzi ölkələrdə ermənilər bu ad altında restoran açıblar. “Xarı bülbül”ün onlarla necə rəqabət aparacağını düşünmüsünüz?

-Doğrudur, erməni lobbisi Qarabağ adını özününküləşdirmək üçün bütün ölkələrdə təbliğatlar aparır. Hətta səhv etmirəmsə, Fransada ermənilərin “Naqornıy Kharabakh” adlı restoranında Azərbaycanın milli xörəkləri erməni adı ilə təqdim edilir.Bizim biznesin məqsədlərindən biri də Qarabağın kimə aid olduğunu tanıtmaqdır. O baxımdan bu layihəni dünya bazarına çıxarmaqla onlara bir növ “meydan oxumuş” olacağıq. Biz bütün dünyaya Qarabağla birlikdə Azərbaycanın milli yeməklərini, bitkilərini, çaylarını, şirniyyatlarını ölkəmizin adı ilə tanıdacağıq. Uğurlu olduğu təqdirdə, bu brend Azərbaycan diasporası üçün də innovativ ideya olacaq. Bunu da mütləq qeyd etməliyəm ki, “Made in Azerbaijan” brendini yaratmaq və təbliğ etmək üçün dövlət dəstəyinə də ehtiyac var. Bu layihənin adı “Xarı bülbül”dür, məkan olaraq “Kharabakh house” göstərilib. Məkanda Şuşa, Laçın, Kəlbəcər, Xocalı guşələri olacaq. Həmin guşələrdə adıçəkilənərazilərəaid interyerə də önəm veriləcək.Məkan isə ümumilikdə Azərbaycanın milli atrubutları ilə dizayn ediləcək. Bu da təqdim edilən məhsullarla birlikdə, milli ornamentlərin və həmin ərazilərin Azərbaycana aid olması haqqında əcnəbi müştərilərə informasiya verəcək. Belə milli və tarixi dizaynlar müasir marketinqdə istifadə edilən effektiv metodlardan biridir. Düşünürəm ki, təbliğat vasitəsi kimi bizim layihə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitə olacaq.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR