A

 “UNEC istedadı” layihəsində tələbə-futbolçu Valeh Seyidovu tanıyın.

Valeh Seyidov UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzində mühasibat uçotu və audit ixtisası üzrə IV kursda qiyabi təhsil alır. Valeh Seyidov UNEC tələbəsi olmaqla yanaşı, həm də peşəkar futbolçudur. UNEC News Valeh Seyidovla müsahibəni təqdim edir:

- Valeh, gələcəyin iqtisadçısı və hazırda isə peşəkar futbolçusunuz. Sizə hansı sahə daha yaxındır?

- Futbolçu olmaq uşaqlıq arzumdu. Atamın da futbolçu olması məni bu sahəyə daha da həvəsləndirirdi. Anam isə məni iqtisadçı kimi görmək istəyirdi. Ona görə də hər ikisinin arzusunu yerinə yetirdim, həm futbolçu, həm də UNEC tələbəsiyəm. Düzünü desəm, futbola marağım daha çoxdur. Doğrudur, futbolçu olmaq müəyyən bir yaşa qədərdir, sonra isə bu sənəti məşqçi kimi də davam etdirə bilərsən. Həmin dönəmdə futboldan əldə etdiyim vəsaitlə öz biznesimi qurub, inkişaf etdirməyi düşünürəm. O zaman bu gün UNEC-də əldə etdiyim bilik mənim üçün çox faydalı olacaq.

- Futbolda hansı uğurlarınız var?

- 10 yaşımdan futbolla məşğulam. “Neftçi”, “Bakı” klublarında oynamışam. 4 dəfə ölkənin ən çox qol vuran hücumçusu seçilmişəm. 17 yaş qrupu arasında isə rekorda imza ataraq 26 oyuna 42 qol vurmuşam. Həm Premyer Liqada, həm də I divizionda oynamışam, müxtəlif liqalarda dəfələrlə qalib olmuşam. Təsadüf elə gətirdi ki, mən Portuqaliyaya getdim. Orada 1-ci divizionda oynayan Portuqaliya klubu “Louletano” ilə rəsmi müqavilə bağlayaraq 2 il yarışlarda iştirak etdim.

- Dilini bilmədiyiniz bir ölkədə iki il yaşamaq çətin olmadı?

- İlk iki ay çətinliklərim oldu. Danışmağa dostum yox idi, üstəlik yemək bişirmək, paltar yumaq mənim üçün problem idi. İngilis dilini bilirdim, lakin portuqal dilini bilmirdim. Məşqlər portuqal dilində olduğu üçün əl jestləri ilə, tərcüməçilər vasitəsilə bir-birimizi anlamağa çalışırdıq. Sonra isə portuqal dilini öyrənməyi sürətləndirdim. İndi həm portuqal, həm də ingilis dilində sərbəst danışa bilirəm.

- Portuqaliyada oynayarkən futbolu zəif inkişaf etmiş ölkədən gəlməyiniz sizə yanaşmada özünü göstərirdimi?

- Azərbaycan futbolu haqqında onların məlumatları təbii ki, var. Son dövrlər Qarabağın uğurlarını onlar da izləyir. Məni dəvət etməmişdən öncə oyunlarımın videoyazısını izləyib, nailiyyətlərimlə tanış olmuşdular. O baxımdan yanaşmaları fərqli olmadı.

- Daima formada olmaq üçün ciddi qrafiklə çalışmaq lazım gəlir. Bu, sizə yorucu deyil və məşqlər üçün xüsusi bir proqramınız varmı?

- Daima formada olmaq üçün yuxu, yemək rejiminə ciddi nəzarət etmək lazım gəlir. Amma işi sevəndə bu, yorucu olmur. Uğurumu, əziyyətimin qarşılığını gördükdən sonra yorğunluğum çıxır, məni motivasiya edir. Portuqaliyada olanda məşhur futbolçu Ronaldonun məşqçisi ilə tanış oldum.  Onun verdiyi proqram əsasında məşqlər edirəm.

- Məşqlər dərslərinə, imtahanlara hazırlaşmağa mane olmur?

- Universitetə hazırlıq dövründə bir az çətinliyim oldu, imtahanlarda tam biliyimi ortaya qoya bilmədim. Amma indi dərslərimə vaxtında gəlirəm və imtahanlara məsuliyyətlə hazırlaşıram.

- Futbolçu kimi arzunuz?

- Arzum İtaliyanın Roma klubunda oynamaqdır. 2-3 il ərzində orda oynamağı hədəfləyirəm.

TOP XƏBƏRLƏR