A

UNEC-in Mühəndislik fakültəsinin bir sıra müəllimləri tərəfindən universitet haqqında və fakültədə kadr hazırlığı aparılan ixtisaslar barədə məlumatların məktəblərə onlayn qaydada çatdırılması, eləcə də abituriyentlərdə ilkin mühəndis biliklərinin formalaşdırılması məqsədilə şəhər və rayon məktəbləri ilə görüşlər keçirilib.

Abituriyentlərin UNEC-ə növbəti tədris ilində qəbulunun stimullaşdırılması və UNEC-in tanıtım kampaniyası işinin aparılması üçün “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimləri dos. Təranə Səfərova, dos. Mətanət İsmayılzadə, b/m Mətanət Əliyeva Gəncə şəhər 1, 2, 3, 4, 5 saylı; dos. Sevinc Məhərrəmova, b/m İlhamə Kazımova Gəncə şəhər 11, 12, 13, 20, 22 saylı; b/m Aytən Niyazova və Adilə Süleymanova Sumqayıt şəhər 3, 13, 14, 15, 21, 24, 31 və 35 saylı; Vüsalə Musayeva və Kəmalə Mustafayeva Mingəçevir şəhər 2, 4, 6, 8, 9,10, 12, 13, 14, 16, 17, 18, 19, 20 saylı tam orta məktəblərdə və Mingəçevir şəhər Texniki Humanitar Kollecində təhsil alan yuxarı sinif şagirdləri ilə Zoom platforması üzərindən online görüşlər keçiriblər.

Görüşün əvvəlində onlar UNEC-in Azərbaycanın ən böyük, Şərqi Avropa və Mərkəzi Asiyanın isə 4-cü universiteti olması, onun tarixi, Azərbaycanda ilk dəfə olaraq UNEC-in bütün tədris prosesinin tamamilə elektronlaşdırılması, o cümlədən dərslərdə tələbələrin qiymətləndirilməsi və davamiyyətinin elektron jurnal vasitəsilə aparılması, imtahan prosesinin elektronlaşdırılmış platforma bazasında olması, UNEC-in Scimago (Scimago Institutions Rankings) reytinq agentliyinin 2022-ci il üzrə dünya universitetlərinin reytinqində 4362  universitetin sırasında 708-ci, Azərbaycanda isə 1-ci yerdə qərarlaşması, tələbələrin təhsilin ikinci kursundan etibarən təhsillərini SABAH qruplarında davam etdirə bilmələri imkanlarından, Universitet Daxili İkili Diplom (UDİD) proqramı haqqında, Avropa universitetləri ilə “Erasmus+”, Türkiyə universitetləri ilə “Mevlana” mübadilə proqramlarından tələbələrin maksimum yararlanmaq imkanları, UNEC-də tələbə-rektor tərəfindən tələbələri maraqlandıran bütün sualların operativ cavablandırılması, tələbə ictimai təşkilatlar, yaradıcılıq mərkəzi, idman klubu, kitabxanalar və s. haqqında ətraflı məlumat veriblər.

Daha sonra Mühəndislik fakültəsində qəbulu aparılan “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Qida mühəndisliyi” ixtisaslarının mahiyyəti, həmçinin Türkiyənin Ege Universiteti ilə birlikdə həyata keçirilən ikili diplom proqramı, üstünlükləri və s. barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, tədris prosesində tələbələr ilkin mühəndislik biliklərinin formalaşdırılmasını yalnız mühazirələrə qatılmaqla deyil, həm də konkret layihələr üzərində birgə işləməklə əldə edə bilirlər. Proqramda texniki fənlərlə yanaşı, sosial və ünsiyyət fənləri də yer alır və tələbələr proqramlaşdırma, dizayn və mühəndisliklə əlaqədar fənlər vasitəsilə geniş texniki biliklər əldə etməklə yanaşı, fənlərarası bir yanaşma da mənimsəyə bilərlər. Təcrübə dövründə isə onlar praktiki bacarıqlarını və peşə keyfiyyətlərini inkişaf etdirmək imkanına malik olurlar və nəticədə məzunlar qazanılan yüksək texniki bacarıqlar, eləcə də problemləri anlamaq və təhlil etmək, nəticələr barədə məlumat vermək bacarığı sayəsində nəinki ölkəmizdə, hətta ölkəmizin hüdudlarından kənarda belə sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrində qabaqcıl və aparıcı dövlət və özəl sektorlarında əla karyera imkanlarına sahib ola bilərlər.

Görüşlər zamanı şagirdlərin verdikləri bütün suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR