UNEC-in Mühəndislik fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının “Maşın mühəndisliyi” və “Materiallar mühəndisliyi” ixtisaslarının müəllimləri dos. Esmira Mustafayeva, Ülkər Neymətova və tələbələrin iştirakı ilə “Master School” Təhsil Mərkəzində abituriyentlərlə görüş keçirilib.
Görüş zamanı UNEC-in tarixi, mövcud ixtisaslar, universitetdə tədris prosesinin tam elektronlaşdırılması, tələbələrin qiymətləndirilməsi və davamiyyətin elektron jurnal vasitəsilə aparılması, imtahanların elektron platforma üzərindən keçirilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda, UNEC-in QS, THE və Webometrics kimi beynəlxalq reytinqlərdə ölkə universitetləri arasında ön sıralarda yer aldığı və ildən-ilə mövqeyini yaxşılaşdırdığı diqqətə çatdırılıb.
Abituriyentlərə SABAH qrupları, Universitet Daxili İkili Diplom (UDİD) proqramı, beynəlxalq mübadilə imkanları, TOP-15 proqramı və 600-dən çox bal toplayan tələbələr üçün əlavə təqaüdlər haqqında da məlumat verilib. Bununla yanaşı, tələbə təşkilatları, elektron kitabxana, yaradıcılıq mərkəzi, idman klubu, biznes mərkəzi, startap və innovasiya imkanları təqdim olunub.
Daha sonra Mühəndislik fakültəsində “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Qida mühəndisliyi” (Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramı daxil olmaqla) ixtisasları və onların üstünlükləri barədə məlumat verilib.
Bildirilib ki, tədris prosesi mühazirə və müasir laboratoriyalarda praktiki dərslər, eləcə də layihə əsaslı tədris (PBL) əsasında təşkil olunur. Proqram texniki fənlərlə yanaşı, dil, ünsiyyət, proqramlaşdırma və dizayn bacarıqlarının inkişafını da əhatə edir.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.