UNEC-in Mühəndislik fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının “Sənaye mühəndisliyi” ixtisas rəhbəri professor Zabit Aslanov, dosent İlqar Rəcəbov, baş müəllim Nigar Mahmudova və tələbələrin iştirakı ilə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində şagirdlərlə görüşüblər.
Görüş zamanı UNEC-in tarixi, mövcud ixtisasları və universitetin müasir tədris imkanları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, UNEC Azərbaycanda ilk dəfə olaraq tədris prosesini tam elektronlaşdırıb. Bu çərçivədə tələbələrin qiymətləndirilməsi və davamiyyəti elektron jurnal vasitəsilə aparılır, imtahanlar isə elektron platforma üzərindən keçirilir. Eyni zamanda, universitetin QS, THE və Webometrics kimi beynəlxalq reytinq sistemlərində ölkə üzrə qabaqcıl mövqelərdə qərarlaşdığı vurğulanıb. Tələbələr üçün SABAH qrupları, Universitet Daxili İkili Diplom (UDİD) proqramı, beynəlxalq mübadilə imkanları, TOP-15 və 600-dən yuxarı bal toplayan abituriyentlər üçün əlavə təqaüdlər haqqında məlumat verilib. Bundan əlavə, tələbə təşkilatları, elektron kitabxana, yaradıcılıq və idman mərkəzləri, biznes və startap imkanları təqdim olunub.
Daha sonra Mühəndislik fakültəsində tələbə qəbulu aparılan “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Qida mühəndisliyi” (o cümlədən, Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramı) ixtisasları, onların üstünlükləri və s. barədə geniş məlumat verildi. Şagirdlərə mühəndislik təhsilinin əsasları izah olunaraq bildirilib ki, tədris prosesi yalnız nəzəri biliklərlə məhdudlaşmır. Müasir laboratoriyalarda keçirilən praktik məşğələlər, layihə əsaslı tədris (PBL) və komanda işləri tələbələrin bacarıqlarını inkişaf etdirir. Proqramda texniki fənlərlə yanaşı, proqramlaşdırma, dizayn, dil bilikləri və kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş dərslər də yer alır.
Çıxışlar zamanı qeyd olunub ki, mühəndislik müasir dövrdə strateji əhəmiyyətə malik sahədir və gələcəkdə süni intellekt, bərpa olunan enerji və biotexnologiya kimi istiqamətlərdə mühüm rol oynayacaq. Bu sahədə təhsil alan məzunların sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində geniş karyera imkanlarına sahib olduqları diqqətə çatdırılıb.
Sonda şagirdlərə məlumatlandırıcı bukletlər təqdim olunub.