A

Mühəndislik fakültəsində universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə reallaşdırılan “Auditoriyada məzun var” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib.

Mühəndis vəzifəsində çalışan fakültə məzunu Hacıağa Hacıyev “Maşın mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrlə görüşərək, mühəndislik vəzifəsi, eləcə də texnoloji maşınlarla işləməklə bağlı təcrübəsini onlarla bölüşüb.

Fakültənin digər məzunu, menecer-təchizatçı vəzifəsində çalışan Murad Yusifov isə tələbələrlə görüşdə özü ilə gətirdiyi demontaj mexaniki alətinin işləmə prinsipi barədə məlumat verib. Eyni zamanda avadanlığın quraşdırılmasının texniki imkanlarını tələbələrə əyani şəkildə nümayiş etdirib.

Növbəti məzunun görüşü “Sənaye mühəndisliyi” ixtisasının tələbələri ilə olub. Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsində çalışan Faiq Talıblı market şəbəkələrində məhsulların keyfiyyətinin qorunub saxlanılması ilə bağlı təcrübəsini tələbələrlə bölüşərək, bunu real nümunələr üzərindən göstərib.  O, məhsulların mal qonşuluğu, saxlanma temperaturu, markalanma, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı ilə bağlı tələbələrə məlumat verib.

Fakültənin digər məzunları, hazırda Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsində çalışan Ceyran Əsgərova və qida sahəsi üzrə ekspert olan Cavid Qurbanzadə “Qida mühəndisliyi” ixtisasının tələbələrinə master-klas keçiblər.

"Qida məhsullarının təhlükəsizliyi" mövzusunda keçirilən master-klasda tələbələrə beynəlxalq qida standartlarının yeni variantlarının nəzərdən keçirilməsi, problemlərə ekspert yanaşması, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Milli Kulinariya Mərkəzinin ümumi prinsipləri, fəaliyyət istiqamətləri ilə bağlı faydalı məlumatlar verilib.

Tələbələrin böyük marağına səbəb olan görüşlərdə onlara təhsil aldıqları ixtisasların önəmi, gələcək karyera imkanları və perspektivləri açıqlanıb, eləcə də onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR