“Həftənin kitabı” bu buraxılışında Azərbaycanın dahi bəstəkarı, musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü və 18 sentyabr - Milli Musiqi Gününə həsr edərək, “Xatirə ədəbiyyatı silsiləsindən” olan 24-cü “ÜZEYİR HACIBƏYLİ. Xatirələrdə” kitabını təqdim edir.
Kitabdakı xatirələrdə Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası: Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının triumfu, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin təntənəli qələbəsi, II Dünya Müharibəsi illərində yaşanan musiqi həyatımız, dahi bəstəkarın ömrünün son günləri geniş əksini tapıb. Bəzi xatirələr müxtəlif illərdə, bir sıra qəzetlərdə, jurnallarda dərc olunub, kitablara daxil edilib. Xatirələrdən bəziləri isə əlyazma halında Ü.Hacıbəylinin ev muzeyinə təqdim edilsə də, bu günə kimi çap olunmayıb.
“XAN” Nəşriyyatında 2016-cı ildə çapdan çıxan “ÜZEYİR HACIBƏYLİ. Xatirələrdə” kitabı 256 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC-in 24/7 Kitabxanasında yaxından tanış ola bilərlər.