Qazaxıstanın Almatı şəhərində yerləşən Turan Universitetində “Sahibkarlıq və Sosial Elmlər” mövzusunda XII Beynəlxalq Konqres öz işinə başlayıb.
Konqres çərçivəsində UNEC-in təşkilatçılığı ilə “Rəqəmsal sahibkarlıq: dayanıqlı inkişaf üçün yeni imkanlar” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. Dəyirmi masaya moderatorluq edən UNEC-in Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov “Rəqəmsallaşma, sahibkarlıq təhsili və rəqabətqabiliyyətli iqtisadiyyat” mövzusunda məruzə ilə çıxış edib. O, universitetin beynəlxalq elmi əməkdaşlığın inkişafına verdiyi töhfələrdən, rəqəmsal transformasiya və sahibkarlıq sahəsində həyata keçirilən təşəbbüslərdən bəhs edib.
Tədbirdə Vüqar Zeynalov “Süni intellekt: biznesin yeni erası”, Rüfət Quliyev “Azərbaycanda rəqəmsal sahibkarlığın inkişaf perspektivləri”, Serik Sansızbayev Nurmuxit “Kiçik və orta sahibkarlığın rəqəmsal transformasiyasının öyrənilməsində metodoloji problemlər”, Aydar Baytayev “B2B sektorunda rəqəmsal sahibkarlıq: satışlar, tərəfdaşlıqlar və etimadın transformasiyası”, Azat Arupov “Diqqət iqtisadiyyatı: süni intellektin marketinq və rəqabət üstünlüklərinə təsiri”, Asel Sisenova Tursıngəliyeva isə “Təhsil sistemində rəqəmsal sahibkarlıq: öyrənənlərin hazırlanmasına yeni yanaşmalar” mövzularında məruzələrlə çıxış ediblər.
Dəyirmi masanın yekununda iştirakçılar rəqəmsal sahibkarlığın inkişafının dayanıqlı iqtisadi artımın əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Eyni zamanda universitetlər, biznes strukturları və dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, süni intellekt və rəqəmsal texnologiyaların sahibkarlıq təhsilinə inteqrasiyasının gücləndirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.
Tədbir iştirakçıları gələcəkdə rəqəmsal sahibkarlıq sahəsində birgə elmi tədqiqatların, beynəlxalq layihələrin və akademik mübadilə proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.