UNEC KİM-in “Biznesə dair resurs tövsiyələri” layihəsi çərçivəsində növbəti videoçarx təqdim edilib. Bu dəfəki buraxılış marketinq sahəsinə həsr olunub.
Videoçarxda marketinq üzrə biliklərin artırılmasına və peşəkar bacarıqların inkişafına töhfə verən kitablar haqqında məlumat verilib. Qeyd olunub ki, marketinq müasir biznes dünyasında uğurun əsas amillərindən biri hesab olunur və bu sahədə nəşr olunan kitablar həm nəzəri biliklərin mənimsənilməsi, həm də onların praktik tətbiqinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təqdimatda R. Palmatier və Ş. Sridarın “Marketinq Strategiyası”, M. Shank və M. Lybergerin “Sports Marketing”, F. Kotler və Q. Armstronqun “Marketinqin əsasları”, D. Chaffey və F. Ellis-Chadwickin “Digital Marketing: Strategy, Implementation and Practice”, A. Məmmədovun “Marketinq” və F. Kotlerin “Marketinq Menecment” kitabları təqdim olunub.
Layihə çərçivəsində istifadəçilər UNEC KİM-in 4 saylı kitabxanasında mövcud olan marketinq üzrə 6 kitabla tanış olublar. Təqdim olunan nəşrlər marketinq strategiyası, marketinq menecmenti, rəqəmsal marketinq, idman marketinqi və marketinqin əsasları kimi müxtəlif istiqamətləri əhatə edir.