A

AZƏRTAC

Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında keçirilən “Zərifə Əliyevanın keçdiyi həyat yolu və kamillik” mövzusunda dəyirmi masada səsləndirilib.

Tədbirin əvvəlində görkəmli oftalmoloq alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı filialın direktor müavini, dosent Həqiqət Qədimova açaraq, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də onun oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, Zərifə Əliyeva elmdə heç vaxt asan yol axtarmayıb, yeni cığırlar açıb, öz elmi araşdırmalarını praktik əhəmiyyət daşıyan aktual mövzulara həsr edib.

Filialın Zaqatala İqtisad məktəbinin rəhbəri Babək Alıyev çıxışında qeyd edib ki, Zərifə Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, gözəl ana obrazı görürük.

Filialın əməkdaşı Gülnigar Məmmədova da çıxışında Zərifə Əliyevanın oftalmologiya sahəsindəki müstəsna xidmətlərindən danışıb.

Tədbirdə, həmçinin filialın Tələbə Gənclər Təşkilatının sədri Nəzrin Allahverdiyeva və təşkilatın sədr müavini Fatimə Qardaşova Zərifə xanımın şərəfli ömür yolundan söz açıblar.

TOP XƏBƏRLƏR