A

"525-ci qəzet"

Son illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsilin səviyyəsinin yüksəldilməsi, yeni təhsil standartlarının hazırlanması, bu sahədə beynəlxalq standartların tətbiqi, rəqabətədavamlı təhsil sisteminin qurulması istiqamətində çox ciddi işlər görülüb. Bu gün UNEC maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə bir çox region universitetlərinə örnək ola biləcək ali təhsil mərkəzinə çevrilib.

Son illər qazandığı uğurlar universitetin məzunları tərəfindən də böyük rəğbətlə qarşılanır.

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Tahir Mirkişili deyir ki, UNEC ölkə üçün çox sayda dəyərli mütəxəssislər, yüksək bilik və bacarığa malik kadrlar yetişdirir: "Bu gün ölkə iqtisadiyyatında və idarəetmədə aparılan dərin islahatlar bacarıqlı kadr hazırlığı məsələsini önə çəkməkdədir. Eyni zamanda, dünyada baş verən 4-cü sənaye inqilabı və əmək münasibətlərindəki keyfiyyət dəyişiklikləri kadr hazırlığı prosesində də daim innovasiyaların tətbiqini və bazarın tələblərinin nəzərə alınmasını ən vacib məqsədə çevirir. UNEC hazırda Azərbaycanda iqtisadiyyat sahəsi üzrə peşəkar kadr hazırlığı həyata keçirən təhsil müəssisəsidir. Bu universitet keyfiyyətli təhsil verməklə yüksək nüfuz qazanıb. Universitetin əsas uğuru isə onun son "məhsulu"nun rəqabət qabiliyyətli və tələb olunan səviyyədə olmasıdır. Sevindirici haldır ki, UNEC-də qurulan tədris prosesi və idaretmə modeli nəticədə "son məhsulun" - yəni ixtisaslı məzunların iqtisadiyyatın tələblərin cavab verməsini şərtləndirir. UNEC-in bizneslə əlaqələrini intensivləşdirilməsi, müəllim heyətində biznes nümayəndələrinin mövcudluğu, biznes tələbatlarının universitet tərəfindən araşdırılması və buna uyğun tədris prosesində korrektlərin edilməsi müasir tədris metodlarının qavranılması istiqamətində mühüm addımlardır".

Tahir Mirkişili deyir ki, təhsilin keyfiyyəti kadrlardan və müəllimlərdən asılıdır. UNEC keyfiyyətli kadrların universitetə cəlb edilməsi prosesini davam etdirir. Bu gün xaricdə təhsil alan, kifayət qədər potensialı olan tədqiqatçılar UNEC-də pedaqoji fəaliyyətə başlayıblar: "Son illərdə UNEC çox ciddi bir mərhələyə qədər qoyub və bu təcrübəsi göstərir ki, elmi tədqiqat mərkəzinə çevrilmə mərhələsinə də uğurla addımlayacaq".

İqtisadçı Vüqar Bayramovun sözlərinə əsasən, bu gün təhsil sektorunda sərhədlər itib və rəqabət kifayət qədər güclüdür. Bu baxımdan UNEC-də aparılan islahatlar onun rəqabət bazarında güclü mövqe qazanacağının təminatçısıdır. İnnovasiya, təşəbbüskarlığa önəm verən ali məktəb elmi biliklərə, bacarıqlara yiyələnmiş, mənəvi dəyərlərə sahib, müasir dünyagörüşü ilə fərqlənən, milli ruhlu gənclərin yetişdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrə inamla nail olunur. UNEC fəaliyyəti təkcə yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlamaqla məhdudlaşmır. Bu təhsil müəssisəsi həm də peşəkar elmi kadrlar hazırlayan, fundamental elmi tədqiqatlar aparan bir mərkəzə çevrilib.

UNEC məzunu Fidan Nəhmədovanın sözlərinə görə, o, ixtisas olaraq ya maliyyə, ya da mühasibatlıq üzrə təhsil almağı planlaşdırıb. Nəticədə, UNEC-in mühasibatlıq ixtisasına qəbul olunub və birinci kursda təhsil alarkən, oxşar ixtisaslar üzrə əlavə bir diplom almaq imkanı barədə də eşidib: "Buna görə də maliyyə ixtisasını seçdim. İkinci kursdan etibarən həm maliyyə, həm də mühasibatlıq ixtisasları üzrə təhsil almağa başladım. Hər iki ixtisasın fənlərini oxumaq çətin olsa da, iqtisadiyyat və ekonometriya sahələrində oxşar mövzularda məlumat əldə etmək maraqlı idi və mənə həmyaşıdlarımdan bir addım öndə olma imkanı verdi. Universitet həyatı məktəb həyatına bənzəməsə də, gərgin tədris cədvəlimə baxmayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin onlayn formatda da keçirdiyi tədbirlərdə fəal iştirak edirdim. UNEC mənə çox şey verdi - geniş biliklər, təcrübələr və dəyərli dostluqlar. Tədris müddətində əla dostlar qazandım və birgə layihələrdə, tədbirlərdə, müzakirələrdə iştirak edərək dostlarımla güclü əlaqələr qurdum. Bu dostluqlar universitet həyatımı daha da maraqlı və rəngarəng etdi".

İkili Diplom (UDID) proqramına necə qoşulduğuna gəlincə, o bu proqram barədə birinci kursda məlumat aldığını bildirib: "Maliyyə ixtisasını seçdim və ikinci kursdan etibarən həm maliyyə, həm də mühasibatlıq üzrə dərslərə başladım. Bu proqram mənə iki sahədə dərin biliklər qazandırdı və müxtəlif fənləri öyrənmək maraqlı və zənginləşdirici idi. UNEC-in maliyyə laboratoriyası - "Bloomberg" sayəsində iki "Bloomberg" sertifikatı əldə etdim. Bu sertifikatlar mənim üçün böyük əhəmiyyət kəsb edir və karyera yolumda əhəmiyyətli bir addım oldu. UNEC-də əldə etdiyim biliklər və təcrübələr sayəsində hazırda "Pasha Capital"da "Brokerage departamenti"ndə təcrübəçiyəm. İkili diplom almağın əla bir fikir olduğuna inanıram və bu təhsil sayəsində Almaniyada magistr təhsili üçün müraciət etdiyim bütün universitetlərə qəbul olundum. Xüsusilə qürurla qeyd etmək istəyirəm ki, oktyabr ayından Frankfurt Universitetində magistr təhsilimi başlayacağam. Bu, mənim 5 illik hədəfim idi və nəhayət bu hədəfə çatdığım üçün çox sevincliyəm. UNEC-də təhsil almaq mənim üçün çox böyük bir təcrübə oldu və burada qazandığım biliklər və dostluqlar həyatımda əvəzolunmaz bir yer tutur".

UNEC-də Dizayn ixtisası üzrə təhsil alan Samir İsmayılzadənin dediyinə görə, universitet olaraq UNEC-i seçərkən, bütün universitetlər arasında araşdırmalar aparıb. Nəticədə UNEC-in Azərbaycanın ali təhsil müəssisələri arasında axtardığı imkanları yaradan ən uyğun yer olduğunu görüb: "Seçimimdə yanılmadığımı düşünürəm. Əslində bu cür düşünməyimin bir çox səbəbi var. Belə ki, UNEC-in akademik proqramlarnın yüksək səviyyədə təşkil olunub. Universitetdə müxtəlif ixtisaslar üzrə dərs deyən peşəkar müəllim heyəti var. Təhsil aldığım müddət ərzində həqiqətən də tədris keyfiyyətinin yüksək olduğunu və beynəlxalq standartlara uyğun təhsil verildiyini gördüm. UNEC-in III tədris binasında təhsil alıram və tədris binası müasir auditoriyalar, laboratoriyalar və tələbələrin təhsil prosesində istifadə edə biləcəkləri ən son texnoloji avadanlıqlarla təchiz olunub. Universitetin kitabxanası zəngin elmi ədəbiyyat və resurslarla təmin edilib. UNEC-də tamamilə rahat və səssiz dərs oxumağımız üçün yaradılmış 24 saat 7 gün fasiləsiz fəaliyyət göstərən kitabxana mövcuddur. Bəzən hətta evə getmədən, səhərə qədər burada dərs çalışdığımızda olub. UNEC beynəlxalq səviyyədə tanınmış universitetlərlə əməkdaşlıq edir. Tələbələrə xaricdə təhsil almaq və təcrübə keçmək imkanı yaradılır. Müxtəlif mübadilə proqramları vasitəsilə tələbələr dünyanın fərqli universitetlərində təhsil alaraq təcrübə qazanırlar. UNEC-də karyera mərkəzi fəaliyyət göstərir və bu da tələbə olduğum müddət ərzində karyeramın inkişafı üçün müxtəlif təcrübə proqramları və təlimlərdə iştirakıma geniş imkan yaradır. Eyni zamanda universitetimizdə tələbələrin işlə təmin edilməsi üçündə şərait yaradılır. Mən hazırda IV kursda təhsil alıram və UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsində yarımştat işləyirəm. UNEC-də fəaliyyət göstərən Ömürboyu təhsil mərkəzi universitetdən kənara çıxmadan, marağım olan sahələr üzrə elə öz universitetimizdə sahəsində peşəkar olan şəxslərdən təcrübələr əldə etməyim üçün imkan yaradır. Universitetimiz tələbələrin asudə vaxtının daha səmərəli təşkil olunması üçün də yüksək şərait yaradıb. Universitetdə müxtəlif sosial və mədəni tədbirlər təşkil olunur. Tələbələr müxtəlif dərnəklərdə, idman yarışlarında və mədəni tədbirlərdə iştirak edə bilərlər. Bu, onların sosial bacarıqlarını inkişaf etdirməyə və yeni dostlar qazanmağa kömək edir. Tələbə olduğum müddət ərzində UNEC-də keçirilən müxtəlif tədbirlərin və layihələrin təşkilatçılığında iştirak etmişəm. Bütün bunlar mənim sosiallaşmağıma və ətrafımı daha da genişləndirməyimə imkan yaratdı. Tələbə təşkilatları sayəsində yeni dostlar qazandım. Universitetimizdə istənilən tələbə zünəməxsus təşkilat ideyası ortaya qoyub, yaratmaqda sərbəstdir. Hazırda da tələbə olaraq yeni bir təşkilatın yaradılması üzərində işləyirəm. Bütün bu prosesdə universitet mənə dəstək olur. Düşünürəm ki, UNEC-i seçmək, həyatımda etdiyim ən doğru seçimlərdən biridir".

Sevinc QARAYEVA

TOP XƏBƏRLƏR