A

525-ci qəzet

Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasının 86 il tamam olub.

Regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılan UNEC-də tədris prosesi və kadr hazırlığı Amerika və Avropa təhsil sisteminə uyğun aparılır.İxtisaslar bakalavr, magistr və doktorantura təhsil pillələri üzrə azərbaycan, ingilis, rus və türk dillərində tədris edilir. Tələbələrin yüksək səviyyədə təhsil alması üçün hər cür şəraitin yaradıldığı universitetdə 11 fakültə fəaliyyət göstərir. 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistrant təhsil alır. UNEC-də təhsil alanlar sırasında həmçinin dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistrant da var. Tələbə universiteti iki və daha çox ixtisasla (dual major) bitirə bilər. UNEC-in rektoru, professor Ədalət Muradov tərəfindən tələbələ müxtəlif mübadilə proqramlarında iştirak etmək imkanı da yaradılıb. Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil müəssisələrindən biri olan universitetdə mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 120 professor, 600 dosent çalışır.Bugünlərdə 2016-cı il üçün QS reytinq agentliyinin İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralaması açıqlanıb. Reytinq 9 indikator üzrə regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparılıb.Reytinqin nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində sırf iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb. İndikatorlar akademik reputasiya, məqalə üzrə sitat sayı, işəgötürənlərin reputasiyası, müəllim tələbə nisbəti, elmi dərəcəsi olan müəllimlərin sayı, əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti, əcnəbi tələbələrin yerli tələbələrə olan nisbəti, veb təsir, məqalə sayının müəllim sayına olan nisbəti indikatorları üzrə qiymətləndirilib. Qeyd olunan indikatorlar üzrə UNEC-in göstəriciləri aşağıdakı kimi olub:Akademik reputasiya indikatoru üzrə göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür. Qiymətləndirmə zamanı bu il 77000- dən çox rəy toplanıb. Reytinqdə 30% olmaqla ən böyük çəkiyə malik akademik reputasiya indikatoru üzrə UNEC-in əldə etdiyi qiymətləndirmə 39.4-dür. Azərbaycan ali təhsil müəssisələri arasında ən yaxşı göstəricisi olan UNEC-in veb təsir indikatoru üzrə reytinqdə internet resursların effektivliyi 52.6 balla qiymətləndirilib. Bu indikator üzrə universitetlərin yeni texnologiyalardan səmərəli istifadəsi qiymətləndirilir. Bu mənada əsas olaraq Webometrics qiymətləndirmələri götürülür.Qeyd edək ki, 2015 və 2016-cı illər üzrə reytinqdə UNEC ölkə üzrə birinci yerdə qərarlaşıb. İşəgötürənlər arasında reputasiyada ötən illərin göstəricilərinə nisbətən xeyli irəliləyiş var. Bu indikator üzrə ümümilikdə 2016-cı il üçün 44200-dən çox rəy toplanıb. UNEC-in dünya və yerli işgüzar dairələrdə artan nüfuzunun göstəricisi olaraq müxtəlif biznes qurumlarının rəhbər və nümayəndələrinin verdiyi səsvermə əsasında yekun bal 22.2 olub. Qiymətləndirmə universitet məzunlarının müxtəlif müəssisələrə işə götürülməsinin təhlil olunmasına köməklik göstərir. Digər indikator olan müəllim və tələbə sayı nisbəti indikatoru üzrə ballar 22.1 olub. Bu indikator üzrə tədris aparan müəllim heyəti sayının tələbə sayına olan nisbəti götürülür.

Müəllim sayına düşən məqalələrin orta sayının göstəricisi 1.1 olub ki,bu da Azərbaycan ali təhsil müəsissələri arasında ikinci ən yaxşı göstəricidir. Bura ali təhsil müəssissələrinin SCOPUS bazasında indekslənmiş məqalələrin sayı daxildir. Bu indikator üzrə UNEC-in irəliləməsinə əsas səbəblərdən biri bu ildən etibarən UNEC-də ilk dəfə olaraq pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirmək məqsədilə tətbiq olunan diferensial əmək haqqı sistemi olub. Elmi dərəcəsi olan müəllimlərin sayı indikatoru üzrə də UNEC irəliləyiş əldə edib. UNEC-ə son iki ildə qəbul olunan elmi dərəcəsi olan müəllimlərin sayı baxılan reytinqdə universitetimizin irəliləməsində müsbət rol oynayıb. Belə ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri olan müəllimlərin sayının ümumi müəllimlərin sayına olan nisbəti 55.9% təşkil edib ki, bu da UNEC-ə 10.4 bal qazandırıb. Beləliklə, akademik və tədris fəaliyyəti, kadr potensialının artırılması və işəgötürənlər arasında beynəlxalq və milli səviyyədə artan nüfuzunun nəticəsi olaraq UNEC bütün indikatorlar üzrə yüksək qiymətləndirilərək, ilk dəfə olaraq dünya səviyyəli QS reytinq agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasında ən yaxşı 200 universitet sırasına yüksəlib.Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir. Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, UNEC-də tələbələrə dünyanın ən nüfuzlu universitetləri ilə əməkdaşlıq imkanı yaradılır. Biz tələbələrimizə vəd edirik ki, sən UNEC-də oxuya-oxuya Rusiyanın Ali İqtisad Məktənin diplomunu da əldə edə bilərsən. Biz vəd edirik ki, FransanınMontpelliye Universiteti ilə, məsələn Türkiyənin ən nüfuzlu universitetləri o cümlədən dünya reytinq sıralanmasında 85-ci yerdə olan ODTÜ-nün diplomunu bizim univeristetdə oxumaqla qazana bilərsən. Türkiyənin təkcə ODTÜ yox, Bilkənt, Qazi,Hacettəpə və TOBB universitetləri ilə ikili diploma dair əməkdaşlığımız var. Biz tələbələrimizə vəd edirik ki, sən UNEC-də oxumaqla xarici dilini daha mükəmməl öyrənmək imkanına nail olacaqsan. Bu haqda bizim çox ciddi dəyişliklərimiz, islahatlarımız olacaq.Biz tələbələrimizə vəd edirik ki, sənin İKT üzrə biliklərin sənin rəqabət üstünlüyün olacaq. Ən vacibi isə, mən rektor olaraq buna zəmanət verirəm ki, UNEC-də müəllim tələbə münasibətikitablarda yazılan, filmlərdə göstərilən münasibətlərə oxşar olacaq.Bütün bunların nəticəsində UNEC-ə gələn tələbə təkcə bilikli, sadavlı, hazırlıqlı, bacarıqlı mütəxəssis yox, həm də bizim ölkəmizi sevən, vətənimizin gələcəyi üçün həyatını və canını qurban verməyə hazır olan bir vətəndaş olacaqlar. Bütovlükdə biz vəd edirik ki, UNEC-in tələbələri və müəllimləri birlikdə, əl-ələ tutaraq Azərbaycanımızı daha irəliyə aparmaqda prezidentimizə dəstək olacağıq".

Universitetin 86 illiyi münasibəti ilə rektor, professor Ədalət Muradov bununla bağlı şəxsi facebook səhifəsində UNEC ailəsini təbrik edib: "Hörmətli müəllimlər, əməkdaşlar, əziz tələbələr! Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti qürurla 86 yaşını qeyd edir. Şanlı tarixə malik universitetimiz 86 ildir ki, ölkəmizin müasir, geniş dünyagörüşünə malik, daim öyrənmə və öyrətmə ruhuna sahib, Vətəninə və millətinə sadiq gənclər yetişdirməkdədir.Heydər Əliyev və prezident İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı davamlı uğurlarımıza vəsilə olmuşdur. Ölkəmizin ehtiyac duyduğu insan potensialı və elmin inkişafını təmin etmək məsuliyyətini ən yüksək səviyyədə yerinə yetirmək əsas amalımız olaraq qalır. Universitetimizin uğur zirvəsinə yüksəlməsində təcrübəli akademik heyətin, bilikləri ilə bizi qürurlandıran tələbələrimizin əvəzsiz töhfələri vardır. 86 ildir uğrunda səfərbər olduğumuz müqəddəs vəzifəni bundan sonra da ən layiqli şəkildə davam etdirmək bizim şərəf borcumuzdur. Azərbaycan Dövlət İqtisad Universitetinin yarandığı gündən inkişaf yolunda əməyi keçən hər kəsə böyük hörmət və izzətlə təşəkkür edir, bir daha hər birinizi təbrik edirəm".

Sevinc QARAYEVA

TOP XƏBƏRLƏR