Ziyalılıq kamilliyin yüksək zirvəsidir. İnsanın ziyalı olub-olmamasını tarix və xalq müəyyənləşdirir. Şəxsiyyətinə, insanlığına və elminə hörmət etdiyim, vətənpərvər ziyalılarmızdan biri də iqtisadçı alim, professor Qəzənfər Əli oğlu Abbasovdur.
Sadəliyi, tələbkarlığı, elmə olan hədsiz marağı, xalqına və öz torpağına bağlılığı respublika ictimaiyyəti arasında ona çox böyük hörmət qazandırıb.
O, 1938-ci il may ayının 25-də Yevlax rayonunun Qaraməmmədli kəndində qulluqçu ailəsində anadan olub. 1946-cı ildə M.F.Axundov adına Yevlax şəhər orta məktəbinin I sinfinə daxil olmuş və 1953-cü ildə həmin məktəbin VIII sinfini bitirmişdir. Həmin ildə ailə vəziyyəti ilə əlaqədar olaraq, Yevlax rayonu 6 saylı dəmir yolu fəhlə-gənclər orta məktəbinin IX sinfinə daxil olmuş və 1956-cı ildə 10 illik təhsilini bitirmişdir. 1953-1956-cı illərdə Azərbaycan Dövlət bankının Yevlax rayon filialında mühasib şagirdi, mühasib, böyük mühasib, 1956-1959-cu illərdə Yevlax rayon kommunal təsərrüfatı şöbəsində böyük mühasib, 1959-1960-cı illərdə Kür-Araz su tikinti idarəsinin 4 N-li Yevlax rayon fəhlə təchizatı şöbəsində böyük mühasib, 1961-1963-cü illərdə Bakı şəhəri indiki Binəqədi rayon ticarət idarəsində böyük mühasib işləmişdir. 1959-cu ildə Xalq Təsərrüfatı İnstitutu bağlandığından uçot-iqtisad fakültəsinə tələbə qəbulu Azərbaycan Dövlət Universitetində aparılmışdır. O, sənədlərini həmin universitetin seçdiyi ixtisasın qiyabi şöbəsinə vermiş və müvəffəqiyyətlə imtahan verərək instituta qəbul olunmuş və 1964-cü ildə həmin fakültənin mühasibat uçotu ixtisasını bitirmişdir.
Qəzənfər Abbasov 1967-ci ildən institutda müəllim, baş müəllim vəzifəsində işləyərkən “ticarət və ictimai iaşə müəssisələrində uçotun və iqtisadi təhsilin təşkili və təkmilləşdirilməsi” mövzusunda tədqiqat aparmağı qarşısına məqsəd qoymuşdur.
Elə bu baxımdan da o “İctimai iaşə müəssisələrində maliyyə nəticələrinin uçotunun operativliyi və analitikliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda dissertasiya işi götürmüş və onun üzərində uzun müddət işləmişdir. Lakin mühasibat uçotu üzrə respublikada yüksək ixtisaslı mütəxəssislər olmadığından müdafiəni təşkil etmək qeyri-mümkün olduğundan Q.Abbasov 1979-cu ildə Sankt-Peterburq şəhərində Sovet Ticarəti İnstitutunun qiyabi aspiranturasına daxil olmuş və 1983-cü ildə öz dissertasiyasını Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində müdafiə edərək elmlər namizədi diplomu almışdır.
1984-1990-cı illərə kimi həmin universitet mühasibat uçotu və audit kafedrasında dosent, 1990-1994-cü illərə qədər həm dosent, həm də universitetin ictimai peşələr fakültəsinin dekanı, 1994-2000-ci illərə qədər mühasibat uçotu və audit kafedrasının müdiri və 2000-2008-ci illərə qədər həmin kafedranın dosenti vəzifəsində işləmişdir.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu, statistika” ixtisası üzrə elmi şurasında “İdarəetmə uçotunun təşkilinin metodoloji və praktiki problemləri” mövzusunda doktorluq işini müdafiə etmiş və həmin ildən də kafedranın professoru vəzifəsində çalışır.
Q.Abbasov 14 dərslik və dərs vəsaiti, 1500-ə qədər elmi məqalə yazmış, 5 müəssisə və təşkilatın iş fəaliyyətinə tətbiq edilən elmi iş yerinə yetirmiş, onun rəhbərliyi ilə 14 doktorant müdafiə etmiş və hazırda isə 4 doktorant mühasibat uçotunun bu və ya digər problemləri üzərində çalışır.
Alim Moskva, Kiyev, Minsk, Sankt-Peterburq şəhərlərində təşkil edilən elmi konfranslarda çıxış və iştirak etmişdir. Qəzənfər Abbasov universitetin Mühasibat uçotu və audit kafedrasındakı fəaliyyəti ilə yanaşı, həm də 1993-cü ildən ayda bir dəfə çıxan “Maliyyə və uçot” jurnalının baş redaktorudur. Bu jurnal beynəlxalq və ölkə daxilində bu və ya digər problemlərin həllinə dair elmi məqalələr dərc etməklə onların təcrübədə tətbiqi məsələlərini oxuculara tövsiyə edir.
Professor Qəzənfər Abbasov araşdırdığı məsələ və problemi elmi ictimaiyyətə çatdırmaqla kifayətlənməyən tədqiqatçıdır. O, bildiklərini böyük həvəslə çalışdığı İqtisad Universitetində tələbələrinə öyrətməkdən zövq alır, ona görə də tələbələri onu çox sevir, dərin hörmət bəsləyirlər. Əmək fəaliyyətinin 60, anadan olmasının 80 illiyi münasibətilə professor Qəzənfər müəllimi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, sağlam həyat, firavan günlər arzulayırıq.
Elşad DAĞLI,
AJB-nin üzvü