A

Təhsil Nazirliyi

Onlardan 226 nəfər ali məktəbi fərqlənmə diplomu ilə başa vurub

İyunun 28-i ölkəmizin təhsil ənənələri ilə seçilən ali məktəblərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) akademik həyatında ən əlamətdar günlərdən biri idi. UNEC növbəti məzunlarını böyük həyata təqdim edirdi.

Möhtəşəm məzun günündə öncə UNEC-in rektoru, professor Ədalət Muradov  tədbirdə iştirak edən tələbələri, onların valideynlərini, ali məktəbin müəllim heyətini, qonaqları salamlayaraq təbriklərini çatdırıb. Rektor rəhbərlik etdiyi ali məktəbin həyatında ən əlamətdar hadisələrdən birinin baş verdiyini qeyd edib. O,  əlamətdar günü “UNEC-in yetirmələri olan 3468 məzun üçün hesabat günü” kimi  qiymətləndirib. Bu günün həm də 3468 gənci böyük həyata hazırlayan ali məktəb üçün də hesabat günü olduğunu deyən rektor əlavə edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində UNEC öz uğurlu fəaliyyətini davam etdirir.  Məzunlara səslənən rektor qeyd edib ki, “siz bu gün yetkin bir fərd olaraq həyatda  inamla addımlayırsınız. Qazandığınız biliklər sizə layiqli yer tutmağa imkan verəcək”.

Ə.Muradov məzunların bundan sonra da əldə etdiyi hər bir uğurun ardınca artan məsuliyyəti hiss edəcəklərini vurğulayıb: “Lakin bu sizi heç nədən çəkindirməsin. Universitetimizin qazandırdığı bütün biliklər və dəyərlər sizə yol göstəricisi olacaq.

Düşdüyünüz hər şəraitə inkişaf gətirin. Cəsarətli olun. Təşəbbüslərinizin səmərə verməsi üçün səbirli olun. Qərarlarınızda bilik və məntiqinizə, sınanmış təcrübələrə söykənin. Əminəm ki, burada toplaşan hər bir məzunumuz həyatlarındakı uğur formulunu tapacaq və biz də UNEC ailəsi olaraq nailiyyətlərinizi duyduqca qürurlanacağıq”. 

Həyata keçirilən islahatlar nəticəsində UNEC beynəlxalq uğurlara imza atır.  İnnovasiya, təşəbbüskarlığa önəm verən ali məktəb elmi biliklərə, bacarıqlara yiyələnmiş, mənəvi dəyərlərə sahib, müasir dünyagörüşü ilə fərqlənən, milli ruhlu  gənclərin yetişdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrə inamla nail olur.   “Biz məzunlarımızın ölkəmizin sosial-iqtisadi həyatında, ölkəmizin gələcəyi naminə öz töhfələrini verəcəklərinə inanırıq” deyən rektor Ə.Muradov bildirib: “Ümummili lider Heydər Əliyevin vurğuladığı “Təhsil millətin gələcəyidir” kəlamının əhəmiyyətini dərindən dərk edərək, gələcəyə işıq saçan məzunlarımıza uğurlar arzulayıram”. 

O, qeyd edib ki, ali məktəbin professor - müəllim heyəti də fəaliyyətləri ilə məzunların dünyanın ən nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməsi yönündə böyük səylər göstərib. Rektor şərəfli peşələrini layiqincə yerinə yetirən UNEC-in müəllimlərinə uğurlar arzulayıb.

Valideynləri təbrik edən rektor qeyd edib ki, onların övladları yetkinliyə sahib olublar: “UNEC adına bizlərə əmanət etdiyiniz övladlarınızı ən yaxşı şəkildə yetişdirərək həyata hazırlamağa çalışdıq. Bilik və bacarıqlarla bərabər, mənəvi, əxlaqi dəyərləri aşıladıq. Vətəninə, millətinə sahib çıxan peşəkar mütəxəssis olmalarına səy göstərdik.  Əminəm ki, övladlarınız vətən qarşısında borclarını layiqincə yerinə yetirəcəklər. Əziz məzunlar, həyatın çətinliklərindən qorxmayın, çalışmaqdan çəkinməyin, zamanınızın dəyərini bilin, dürüst olun. Cəmiyyət üçün layiqli vətəndaş olacağınıza şübhə etmirəm. Peşəkar mütəxəssis kimi Azərbaycanımızın sizin kimi gənclərə böyük ehtiyacı var”.

Daha sonra təhsilini akademik uğurlarla başa vuran məzunların adları elan olunub və onlara ali məktəbin müvafiq diplomları təqdim edilib.

Qeyd edək ki, UNEC məzunlarının sayı 3468 nəfərdir. Onlardan 2770 nəfər bakalavriat, 689 nəfər magistratura pilləsinin məzunudur. 5 nəfər isə Montpellier Universiteti ilə ikili diplom proqramı əsasında ilk məzun olanlardır. Məzunlardan 226 nəfər ali məktəbi fərqlənmə diplomu ilə başa vurub.

Oruc MUSTAFAYEV

TOP XƏBƏRLƏR