UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə-iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda çıxış edib.
AzEdu.az xəbər verir ki, professor Ədalət Muradov rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlardan söz açıb:
“XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar olaraq, həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi on-line kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır və bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz ki, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər. Düşünürük ki, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər. Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq və təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər”.
Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Düşünürük ki, rəqəmsal iqtisadiyyat tələblərinə cavab verən ali təhsil kütləvi ola bilməz. Bu təhsil elitar olmalı və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır. Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə əsasən distant olsa daha məqsədəuyğundur”.