A

TED.az

“Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir.
Bu tələblərə cavab verən ali təhsil kütləvi ola bilməz”.

TED.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda səsləndirib.

O əlavə edib ki, təhsil elitar və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır: “Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə əsasən distant olsa, daha məqsədəuyğundur”.

Ə.Muradov rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlardan söz açarkən, yeni təkliflə çıxış edib: “XXI əsrin ən vacib xüsusiyyətlərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi onlayn kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır. Bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər".

Rektorun sözlərinə görə, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər: "Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq. Təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər”.

Qeyd edək ki, UNEC rəhbərliyi tərəfindən distant təhsilin vacibliyi dəfələrlə gündəmə gətirilsə də, nədənsə bu istiqamətdə real addımlar ləngiyir. Elə ölkənin elm ictimaiyyəti tərəfindən də distant təhsilə qarşı gözlənilən reaksiyanın şahidi olmadıq. Bunun, əlbəttə, müxtəlif səbəbləri var. Bunlardan biri də, fikrimizcə, bir çoxlarının hələ də distant təhsilin mahiyyətini başa düşməmələri, ona, əsasən, qiyabi təhsilin alternativi kimi yanaşmaları ilə bağlıdır.

TOP XƏBƏRLƏR