Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirakı ilə seçilən, milli təhsilimizin və elmimizin inkişafına layiqli töhfələr verən tanınmış ziyalılarımızdan biri, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi, Beynəlxalq Menecment Akademiyasının üzvü, iqtisad elmləri doktoru, professor Arif Şəkərəli oğlu Şəkərəliyevin 70 yaşı tamam olur. Gənc yaşlarından taleyini iqtisad elmi və onun tədrisi ilə bağlayan Arif müəllim bu istək və amalına sadiq qalaraq zəngin və mənalı bir ömür yolu keçib.
Arif Şəkərəli oğlu Şəkərəliyev 1949-cu ildə Qərbi Azərbaycanda, qədim Zəngəzurun Qafan rayonunda ziyalı ailəsində anadan olub. Orta məktəbi doğma el-obasında alan gənc Arif 1963-cü ildə Bakıya gələrək Plan Uçot Texnikumuna daxil olub, 1966-cı ildə orta ixtisas təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, həmin il Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub, 1970-ci ildə ali məktəbi də fərqlənmə diplomu ilə bitirib. Arif Şəkərəliyev 1971–1972-ci illərdə hərbi xidmət keçib, ordudan baş leytenant rütbəsi ilə tərxis olunub.
Ali təhsildən sonra elmi-pedaqoji fəaliyyət yolunu seçən Arif Şəkərəliyev 1971-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunda əvvəl müəllim və baş müəllim vəzifəsində çalışıb. O, eyni zamanda, Bakı Dövlət Universitetinin aspiranturasında iqtisadi mövzuda dissertasiya üzərində işləyərək, 1976-cı ildə uğurla müdafiə edib və iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. Arif müəllim 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun dosenti seçilib, 1978–1982-ci illərdə isə idman fakültəsinin dekan müavini işləyib. O, 1979–1982-ci illərdə bu ali məktəbdə Sov.İKP tarixi və siyasi iqtisad kafedrasının müdiri olub.
Arif Şəkərəliyev 1982-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda çalışmağa başlayıb. O, 1987-ci ilədək siyasi iqtisad kafedrasının dosenti, 1990-cı ilədək hazırlıq fakültəsinin dekanı vəzifələrində fəaliyyət göstərib. Alim Lomonosov adına Moskva Dövlət Universitetində doktorantura keçərək, 1991-ci ildə Leninqrad Maliyyə-İqtisad Universitetində dissertasiya müdafiə edib və iqtisad elmləri doktoru elmi dərəcəsini alıb.
Tanınmış ziyalı Arif Şəkərəliyev Yeni Azərbaycan Partiyasının üzvü kimi ictimai-siyasi həyatda fəal ziyalı mövqeyi ilə seçilir. İqtisadçı alim 1992-ci ildən professor vəzifəsində çalışır. 2001-ci ildən ticarət və gömrük işinin təşkili kafedrasının müdiridir. 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Arif Şəkərəliyevə dövlət müstəqilliyinin möhkəmləndirilməsində fəal iştirakına, elm və təhsilin inkişafındakı xidmətlərinə görə Əməkdar elm xadimi adı verilib.
Professor Arif Şəkərəliyev 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb. 2004-cü ildən Beynəlxalq Menecment Akademiyasının üzvüdür.
Arif müəllim İqtisad Universitetində fəaliyyət göstərən ixtisaslaşmış elmi şuranın üzvüdür, müxtəlif vaxtlarda həmin qurumun sədri və sədr müavini olub. O, 50-dən artıq elmlər namizədi və doktorunun elmi rəhbəri, 60-dan çox alimin opponeniti olub. 60-dan artıq dərslik, dərs vəsaiti, monoqrafiya, proqram, 270-dən çox elmi məqalə, 600-dən çox qəzet-jurnal məqaləsinin müəllifidir. Ölkənin kütləvi informasiya vasitələrində ardıcıl çıxışlarına görə müxtəlif media mükafatlarına layiq görülüb.
Professor Arif Şəkərəliyevin zəngin elmi irsi gənc alimlər, magistrlər, tələbələr üçün həmişə mötəbər mənbə olub. Onun yazdığı dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, elmi-publisistik məqalələri, tərcümələri aktuallığı ilə seçilib, cəmiyyətin inkişafı ilə, zamanla səsləşib. Elə buna görə də Arif müəllimin elmi, pedoqoji və ictimai fəaliyyəti cəmiyyətdə ona hörmət və nüfuz qazandırıb.
Arif Şəkərəliyev iqtisad elmi sahəsində öz elmi məktəbini yaradan alimlərdəndir. O, həyatını ölkəmizdə iqtisad elminin və təhsilinin inkişafına həsr edib. Sadəlik, düzlük və çalışqanlıq kimi yüksək insani keyfiyyətlər Arif müəllimdə üzvi surətdə cəmləşib. Alimin tədqiqatları Azərbaycan iqtisadi-sosial və mədəni inkişafına, xalqın güzəranının yüksəldilməsinə həsr edilib. İbn Sinanın “Dünyada insan üçün elmdən daha yaxşı dost yoxdur” deyimi onun üçün fəaliyyət düsturudur.
Görkəmli iqtisadçı alim Arif Şəkərəliyev Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisi ümummilli lider Heydər Əliyevin nəzəri irsinin öyrənilməsinə bir sıra dəyərli əsərlər həsr edib. Son dövrdə alimin tədqiqatlarında müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin sosial-iqtisadi inkişaf perspektivləri kimi mövzular önəmli yer tutur.
Arif Şəkərəliyev ölkəmizdə həyata keçirilən demokratik dövlət quruculuğunda fəal iştirak edən, əsl ziyalı məsuliyyəti ilə bu proseslərə öz münasibətini bildirən və elmi araşdırmaları ilə ölkəmizin tərəqqisinə sanballı töhfələr verən vətəndaş alimlərimizdəndir. Onun elmi tədqiqatlarından bir çox proqramların hazırlanmasında, sosial-iqtisadi sahələrin islahatında və uğurlu nəticələr əldə edilməsində istifadə olunub.
Bu gün Arif müəllim elmi yaradıcılığının, pedaqoji və ictimai fəaliyyətinin zirvəsindədir. Professor Arif Şəkərəliyevi zəngin və mənalı ömür yolunun yeddinci onilliyinin tamamında əlamətdar yubiley münasibətilə universitetimizin kollektivi və elmi ictimaiyyət adından təbrik edir, görkəmli alimə bundan sonrakı həyatında möhkəm cansağlığı, çoxcəhətli fəaliyyətində yeni uğurlar arzulayırıq.
Məhiş Əhmədov,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor, Əməkdar müəllim