“Koronavirus göstərdi ki, distant təhsil gələcəyin təhsil forması kimi tətbiq edilməlidir.
2 il öncə universitetdə “UNEC Ekstern” adlandırdığımız distant təhsil mərkəzini istifadəyə verdik. Bu mərkəz 20 min tələbəyə uzaqdan təhsil vermək gücündədir. Koronavirusla bağlı ənənəvi dərslər dayandırıldıqda biz dərhal distant təhsilə başladıq. Mühazirə mətnləri, təqdimatlar, sınaq sualları müəllimlərin şəxsi kabinetinə yerləşdirilmişdi. Distant təhsilə başlayanda ilk həftə tələbələrimizin dərsə dəvamiyyəti 54.6% təşkil etdi. Dərsə davamiyyət könüllü olmalıdır. Mən o fikirlə tam şərikəm.
Gün ərzində 900-1100 tələbəyə uzaqdan təhsil həyata keçirildi. İkinci semestr üzrə distant formada dərsləri təşkil etdik. İndi isə imtahan sessiyası başlayır”.
Bu fikirləri UNEC-in rektoru, proessor Ədalət Muradov İctimai tv-nin “Pressinq” verilişində bildirib. O, onlayn imtahanların təşkil formasına da aydınlıq gətirdi:
“Tələbə kənar vasitələrdən istifadə edə bilməyəcək”
“İyunun 8-dən etibarən bakalavriat pilləsində 7 qabiliyyət tələb edən imtahanlardan başqa bütün imtahanlar distant formada olacaq . Bu imtahanların keçirilməsində ilk dəfə olaraq proktorinq sistemindən istiafdə olunacaq. 700-ə yaxın proktor hazırlanıb ki, bunlar nəzarətçilərdir. İmtahan zamanı hər qrupda 10 nəfər tələbə olacaq. Protorlar tələbənin komputerini izləyəcək. Tələbə kənar vasitələrdən istifadə edə bilməyəcək. Bütün ali təhsil mərkəzlərində olduğu kimi UNECdə də imtahanlar əhəmiyyətli dərəcədə asanlaşdırılıb”.