A

"Respublika" qəzeti

Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsindən 6 ildən çox vaxt ötüb.

Ötən müddət ərzində strategiyanın icrası təmin olunaraq, bir sıra uğurlu işlər həyata keçirilmişdir. Sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi, ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də Dövlət Strategiyasına uyğun olaraq, öz İnkişaf Strategiyasını təsdiqləmiş və əhəmiyyətli nailiyyətlər əldə etmişdir.

Bu il 90 illik yubileyini qeyd edən Azərbaycan Dövlət İqtisad Universiteti “UNEC-100 İnkişaf Strategiyası”nda nəzərdə tutulan 7 məqsəd və 31 strateji hədəfin reallaşdırılması ilə 100 illik yubileyinə xüsusi töhfələr vermək əzmindədir. Yaxın 10 il ərzində dünyanın ən yaxşı 500 universiteti sırasına daxil olmağı hədəfləyən və bu istiqamətdə ciddi əməli işlər həyata keçirən UNEC kollektivi yüksək keyfiyyətli ali təhsil verməyi, faydalı elmi tədqiqatlar aparmağı, geniş sosial xidmətlər göstərən, bizneslə səmərəli əlaqələr quran, effektiv menecment sisteminə sahib olan, beynəlmiləlləşmiş və yüksək beynəlxalq reytinqli modern universitetə çevirməyi qarşıya məqsəd qoymuşdur.

“UNEC-100 İnkişaf Strategiyası”nda təhsilin məzmunu və keyfiyyəti başlıca Strateji prioritet kimi göstərilib. Sənəddə keyfiyyət nəticələri və əhatəliliyinə görə respublikada və dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədilə tədrisin keyfiyyətinin ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb.

Göstərilən istiqamətlər üzrə UNEC-də əldə olunan nailiyyətlər ölkənin təhsil sahəsinə töhfələr verməklə yanaşı, ictimaiyyətin də xüsusi marağına səbəb olaraq, təqdir edilmişdir. Son dövrlərdə aparılan uğurlu struktur dəyişiklikləri, zamanın tələblərinə uyğun yeni istiqamətlər üzrə mütəxəssis hazırlığı, elektron idarəetmə sisteminin tətbiqi, universitetdaxili idarəetmə mexanizminin təkmilləşdirilməsi, əməyin və tədrisin qiymətləndirilməsinin daha mütərəqqi üsullarla formalaşdırılması və bir sıra yeniliklər təhsil ekspert və mütəxəssislərinin də xüsusi diqqətində olmuşdur. Təhsil problemləri ilə məşğul olan mütəxəssislər və ekspertlər elmi konfranslarda, mətbuatda UNEC-də son illər distant təhsil sahəsində görülən səmərəli işlər barədə mütəmadi olaraq çıxış etmişlər. Pandemiya dövründə UNEC-in 3 minə yaxın tələbəsi ABŞ-ın Stanford Universitetinin “Coursera for Campus” proqramına ödənişsiz qoşularaq 6 minə yaxın sertifikat qazanmışdı. Son dövrdə UNEC-də distant təhsilə dair geniş ictimaiyyətin də maraqla qarşıladığı çoxsaylı beynəlxalq konfranslar və onlayn tədbirlər təşkil olunmuşdur.

Dünya universitetlərinin veb populyarlığını müəyyən edən “UniRank” agentliyinə görə, UNEC 2017-2020-ci illərdə ard-arda universitetin internet resursları üzrə Azərbaycanın ən yaxşı və ən populyar ali məktəbi seçilmişdir. Həmçinin nüfuzlu “ebometrics” agentliyinin reytinq siyahılarına əsasən, UNEC 2017-2020-ci illər arasında “Google akademik istinadlarının sayı”na görə hər il Azərbaycan ali məktəbləri arasında lider olmuşdur.

2020-ci ildə dünyanın ən nüfuzlu reytinq agentliklərindən olan “The Times Higher Education” tərəfindən açıqlanan reytinq siyahısı üzrə UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycanda isə 1-ci yerdədir. Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri üzrə ölçən bu reytinqdə UNEC ən yaxşı nəticəni “Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə əldə etmişdir. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın ən yaxşı 300 (201-300) universiteti sırasına daxil olmuşdur. Eyni siyahıda “Keyfiyyətli təhsil” məqsədi üzrə dünyanın ən yaxşı 401-600 universiteti sırasında qərarlaşan UNEC möhkəm infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına dəstəyi ölçən “Sənaye, innovasiya və infrastruktur” məqsədi üzrə “401+”, eləcə də “Məqsədlər üçün tərəfdaşlıq” məqsədi üzrə dünya universitetləri arasında 401-600-cü ən yaxşı universitetlər sırasında olmuşdur. Əldə olunan uğurların nəticəsidir ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva UNEC-in 3 saylı yeni tədris binasının açılışında universitetin maddi-texniki bazası, müasir tədris laboratoriyaları, informasiya resursları, infrastrukturu ilə tanışlıq zamanı görülən işləri yüksək qiymətləndirdilər.

Müasir universitet qurmaq və yeni məzmunda təhsil prosesini təşkil etmək uzun və gərgin əməyin, eləcə də böyük maliyyə imkanlarının hesabına həyata keçirilir. İnkarolunmaz faktdır ki, son vaxtlara qədər ölkəmizin ali təhsil sistemi əsasən böyük həcmdə hazır material məsələlərinin həlli yollarının öyrənilməsi və qavranılmasına hesablanırdı. Müasir təhsil sistemində isə əsas yönüm tələbələrə zəruri informasiyaların ötürülməsi, onun ümumiləşdirilməsi və təhlili, fərdi həllərin tapılmasının öyrədilməsidir.

Bilik iqtisadiyyatı və innovasiya cəmiyyəti ilə xarakterizə olunan müasir dünyada davamlı və hərtərəfli inkişafın təmin edilməsində ali təhsil müəssisələrində tədrisin yeniləşmiş məzmunda təşkilinin rolu sürətlə artır. Bu baxımdan, 2019-2023-cü illər üçün “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyəti əsasən iki istiqamət üzrə həyata keçiriləcək tədbirlərlə səciyyələnir.

Birinci istiqamət üzrə ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramların ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılmasıdır. İkinci istiqamət üzrə isə yerli ali təhsil müəssisələrinin akademik potensialının tədrisi indiki tələblərə uyğun təşkil etmədən, informasiya təhsil məkanına daxil olmadan, mütərəqqi tədqiqat universitetinə çevrilmədən, müəllimlərin və alimlərin fasiləsiz inkişafını təmin etmədən strateji inkişafda uğur qazanmaq mümkün deyildir.

Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, yalnız düzgün strateji hədəflər seçmiş və həmin hədəflərə uyğun təhsil sistemi qurmağı bacaran ali təhsil müəssisələri uğur qazana biliblər. Bu göstərilənlərin icrasına nail olmaq üçün UNEC məqsədyönlü şəkildə irəliləyir, pandemiya dövrünün xüsusiyyətlərini və problemlərini nəzərə almaqla informasiya cəmiyyətinin tələblərinə cavab verən uğurlu təhsil sistemi qurur.

Bu gün universitetlərin başlıca vəzifələrindən biri də tələbələrə öz istedadlarını üzə çıxarmağa, inkişaf etdirməyə imkan yaratmasıdır. Heç şübhə yoxdur ki, gələcəkdə texnologiyaların sürətli inkişafı hesabına universitet təhsili əsaslı şəkildə dəyişəcəkdir. Bizim bu istiqamətdə əsas işimiz bu dəyişiklikləri vaxtında qiymətləndirmək və ən zəruri tədbirlər görməkdir. Necə deyirlər: Zamanın tələblərinə uyğunlaşmalı, onlayn təhsilə doğru real addımlar atmaqdan ibarət olmalıdır. Bunu bacarmayan ali məktəblər dünya təhsil məkanından təcrid olunmaq təhlükəsi ilə qarşılaşa bilər.

Mirdaməd SADIQOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
Strateji inkişaf üzrə prorektoru, İqtisad elmləri doktoru, professor

TOP XƏBƏRLƏR