A

azpolitika.info

COVİD-19 təhsilinin distant formasını aktuallaşdırdı.

Ali məktəblər bu gözlənilməz “qonağı” özlərinin resursları çərçivəsində müxtəlif cür qarşıladılar. Ali təhsili bilən bir neçə rektor pandemiyadan əvvəl təhsilin distant formada aparılması istiqamətində müəyyən işlər görmüşdülər. Məsələn UNEC-də Distant təhsil mərkəzi və elektron kitabxana yaradılmışdı. Bir daha təhsilin bu formasının müsbət və mənfi tərəflərini xatırlatmaq istəyirəm.

Ənənəvi təhsildən müsbət tərəfləri:

-qabaqcıl təhsil texnologiyalardan istifadəyə imkanlar yaradır;

-təhsilin fərdi xarakterini gücləndirir;

-auditoriyalarda dərs demək imkanı olmayan böyük alimləri təhsil prosesinə cəlb edir;

-məsləhətlərin verilməsinin çevik yollarını ehtiva edir;

-təhsili geniş insan kütlələri üçün əlçatan edir.

Mənfi tərəfləri:

Təhsilalanla təhsilverənin birbaşa əlaqələri istisna olunur;

İş yerlərində İKT alətlərinin təhcizatında yaranan çətinliklər;

Biliyin yoxlanılmasında identifikasiya problemləri;

Təhsialanlara daim nəzarətin təşkil oluna bilməməsi.

Düşünürəm ki, bizim ali məktəblərdə əsas problem biliyin qiymətləndirilməsindədir. Burada fürsətçillik, sui-istifadə halları geniş vüsət almağa başladı. Və nəticədə süni əlaçıların sayı bir neçə dəfə artdı. Bu mənada biliyin qiymətləndirilməsində mütləq dəyişiklilərin tətbiq edilməsinə zərurət yarandı. 

UNEC İctimai Şurasının rektor Ədalət Muradovla birgə keçirdiyi video konfransda maraqlı təcrübənin şahidi olduq. Universitet tətbiq etdiyi modulların III mərhələsində tələbələr arasında Google forum üzərindən anonim sorğu təşkil edib. 

Sorğuda 6270 tələbə iştirak edib. Sorğunun nəticəsinə görə, UNEC-də tətbiq edilən onlayn tədrisi 65,7 faiz tələbə 7 və daha yüksək balla qiymətləndirib. Onlayn tədris zamanı 72,8 faiz tələbənin müəllimlərin şəxsi kabinetindəki mühazirə materiallarından, 12 faizinin elektron kitabxana resurslarından istifadə etdiyi açıqlanıb.

Həmçinin konfransda müəllimlərin şəxsi kabinetləri bizə təqdim olundu. Digər ali məktəblər üçün də bunun maraqlı olmasını nəzərə alıb, şəxsi kabinetlərin nələri ehtiva etməsini diqqətə çatdırmaq istəyirəm. 

Hər bir fənnin sillabusu, müəllimlərin mühazirələri, mühazirələr əsasında Power Pointdə hazırlanan təqdimatlar, keçirilən mühazirələrin videodərsləri, eləcə də 800-dən çox asinxron videodərs və digər tədris materialları. Və bütün bunlar tələbələr üçün əlçatandır. Bununla yanaşı Elektron kitabxananın işi təşkil edilib.

Bununla yanaşı maraqlı bir məqamı qeyd edim: Tələbələrə imtahan suallarının və onların cavablarının verilməsi bir zamanlar universitetdə baş alıb gedən mənfi halların aradan qaldırılmasına xidmət edirdi. Bu üsul indi artıq sui-istifadələrə yol açır. 

Lakin buna baxmayraq UNEC Elmi Şurası indiki mərhələdə Distant təhsilin bir sıra məziyyətlərini nəzərə alıb, ixtisas fənlərinin daha dərindən mənimsənilməsi naminə yalnız ixtisas fənlərinin suallarının məxfi saxlanılması qərarını verib. 

Aparılan sorğular və müəllimlərin zəngin şəxsi kabinetləri tələbələrə imtahana hazırlaşmaq üçün geniş imkanlar yaradır. Biz tənqidi təfəkkürə malik və düşünməyi bacaran mütəxəssislər yetişdirməyi qarşıya məqsəd qoymuşuq. Hazır suallar və hazır cavalarla bu məqsədə çatmaq mümkün deyil. Biz də bilirik ki, Distant təhsil mədəniyyəti formalaşmamış fürsətçilliyin və sui-istifadələrin qarşısını almaq mümkün olmayacaq. Tələbənin özü fürsətdən istifadə edib, süni əlaçılığı üzərinə götürməməlidir.

Etibar Əliyev
Millət vəkili

TOP XƏBƏRLƏR