×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

"İki sahil"

1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. UNEC-də 10 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır. Mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 77 professor, 326 dosent çalışır.

“İki sahil” qəzetinin növbəti müsahibi UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyevdir.

Sənnur müəllim, UNEC-in tələbələrinin xarici ölkələrdə təcrübə keçmək imkanları barədə məlumat verməyinizi xahiş edirəm.

- UNEC-də tələbələrin xaricə çıxması üçün müxtəlif proqramlar mövcuddur. Bunlar ikili diplom proqramları, ikitərəfli əməkdaşlıq çərçivəsində mübadilə proqramları (NonErasmus), ERASMUS+ və Mevlana təqaüdlü mübadilə proqramlarıdır. Bu proqramlar vasitəsilə hər il 50-yə yaxın tələbə müxtəlif ölkələrdə təhsillərini davam etmə şansı qazanır. UNEC-in hazırda Fransanın Montpellier, Rusiyanın Ali İqtisad Məktəbi və Moskva Dövlət Humanitar İqtisad Universiteti, Litvanın Mykolas Romeris Universiteti, İsveçrənin UBIS Universiteti və ABŞ-ın Lincoln Universiteti ilə ikili diplom proqramları mövcuddur. Bunlardan əlavə, tələbələrin Mevlana proqramı ilə Türkiyənin 50-yə yaxın universitetində, NonErasmus və ERASMUS+ mübadilə proqramları ilə Almaniya, Macarıstan, Polşa, Litva, Bolqarıstan, İspaniya, İtaliya, Latviya, Cənubi Koreya kimi ölkələrin müxtəlif universitetlərində bir və ya iki semestrlik təhsil almaq imkanları da mövcuddur.

UNEC əcnəbi müəllimləri işə qəbul edirmi? Qəbul edirsə, bu zaman hansı meyarları əsas götürür?

- UNEC ehtiyac olduğu təqdirdə profilinə uyğun olan əcnəbi müəllimləri işə qəbul edir. Həmçinin UNEC-ə bir semestrlik “qonaq professor” proqramı çərçivəsidə xarici professorlar da dəvət olunur. Bu çərçivədə cari təhsil ilində Rusiya, Türkiyə, Portuqaliya və Macarıstanın aparıcı universitetlərinin professor və alimləri UNEC-də bakalavr və magistratura pilləsi üzrə təhsil alan tələbələrə distant formada dərs deyiblər. Türkiyənin İzmir Bakırçay, Selçuk, Ankara Hacı Bayram Veli, Qaradəniz Texniki universitetlərinin, Rusiyanın Belqorod Milli Tədqiqat İnstitutunun, Portuqaliyanın Avropa Biznes Məktəbinin, Kiprin Doğu Akdeniz Universitetinin alimləri tədris müddətində təmsil etdikləri ali təhsil müəssisələrinin təcrübəsini tələbələrlə paylaşıblar. Eyni zamanda, İqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni təhsil standartları əsasında hazırlanmış tədris proqramlarında 2021/2022-ci tədris ilinin payız semestri üzrə nəzərdə tutulmuş yeni fənlərin (ümumilikdə 36 fənn) müasir tələblər səviyyəsində tədrisinin təmin edilməsi məqsədilə müəllimlərimizə təlim keçmək üçün Türkiyənin Hacettepe Universitetindən müəllim heyətinin cəlbi nəzərdə tutulmuşdur.

- UNEC dünya təhsil brendləri arasında mövqeyini gücləndirməkdə davam edir. Hazırda UNEC hansı ölkələr tərəfindən rəsmi olaraq tanınır?

- UNEC-in beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığını, beynəlxalq təhsil proqramlarında iştirakını, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir. Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır. UNEC rəsmi olaraq Litva, Polşa, Latviya, Türkiyə, Rusiya, Slovakiya, Xorvatiya, Macarıstan, Estoniya, Ukrayna, Yunanıstan, Rumıniya, Bolqarıstan, Gürcüstan kimi ölkələr tərəfindən tanınır. Eyni zamanda, UNEC-in Avropa Birliyi ölkələri və Çində üç proqram üzrə (16, 41 və 42) tanınması prosesinə də başlanılıb.

Hazırda UNEC-də neçə əcnəbi tələbə təhsil alır?

- Hazırda UNEC-də 29 ölkədən 331 əcnəbi tələbə təhsil alır. Bu tələbələrin əksəriyyəti Rusiya, Gürcüstan, Ukrayna, İran kimi region ölkələrindən olsa da, Misir, Efiopiya, Sudan, Maldiv, Çin, Kamboca, Yəmən, Əfqanıstan, İsrail, Pakistan kimi ölkələrdən də həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyəsində təhsil alan tələbələrimiz var.

Əcnəbi tələbələrin UNEC-ə qəbulu hansı qaydada aparılır?

- UNEC-ə qəbul həm ənənəvi (birbaşa sənəd qəbulu), həm də online şəkildə aparılır. Birbaşa sənəd qəbulu zamanı əcnəbi namizəd qəbul üçün lazım olan sənədlərlə (pasport, təhsil haqqında şəhadətnamə/diplom və əlavəsi, müvəqqəti yaşayış icazəsi) Departamentin Xarici əlaqələr şöbəsinə müraciət edir. Online sənəd qəbulu isə UNEC-in rəsmi saytı vasitəsilə online qeydiyyat (http://kabinet.unec.edu.az/az) bölməsinə keçərək qeydiyyatdan keçə bilərlər. Bu zaman onların qeydiyyatdan keçdikləri e-mail ünvanlarına sistemə daxil olmaq üçün istifadəçi adı və şifrə göndərilir. Bunun vasitəsilə tələbə şəxsi kabinetə daxil olaraq lazımı sənədləri sistemə yükləyib, ərizələrini təsdiq edirlər və müraciətləri avtomatik olaraq qeydiyyata alınır.

Ali məktəblərin reytinqinin əsas kriteriyalarından biri məzunların işlə təminatıdır. UNEC öz məzunlarının xairici ölkələrdə işlə təminatı ilə bağlı hansı addımları atır?

- UNEC-də fəaliyyət göstərən Karyera mərkəzi təhsil müddətində tələbələr üçün gələcəkdə iş tapmaq və daha uğurlu karyera qurmaq üçün müxtəlif seminar, treyninqlər təşkil edir. Karyera Mərkəzinin əsas vəzifəsi tələbələri peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək olmaq, işəgötürənlərlə sıx əməkdaşlıqlar qurmaq və məzunlarla sağlam əlaqələri davam etdirməkdir. İş dünyası ilə əməkdaşlıq edən Karyera mərkəzi hər ay 5 fərqli sektordan olan şirkətin Karyera Gününün keçirilməsi, şirkətlərin mütəmadi infosessiyalarını keçirməklə tələbələrlə iş dünyası arasında informasiya mübadiləsinə nail olunması, şirkət rəhbərliyindəki şəxslərlə tələbələrin görüşlərinin təşkili kimi fəaliyyətlər həyata keçirməklə tələbələrin məzun olduqdan sonra iş həyatına asanlıqla adaptasiya olmalarında da yardımçı olur.

Peşəkar karyeranın qurulmasında gənclərə nə kimi tövsiyələr verərdiniz?

- Uğurlu karyeranın ilk addımı hədəflərin müəyyənləşdirilməsi ilə başlayır. Bu baxımdan gənclər ilk olaraq qarşılarına müəyyən hədəflər qoymalı və bu hədəflər çərçivəsində özlərini daima inkişaf etdirməlidirlər. Eyni zamanda, gənclərin artıq bir xarici dil bilməsi kifayət etmir, bu baxımdan ingilis dilindən əlavə ikinci bir xarici dil biliyinin olması da önəmlidir. Bundan əlavə, gənclərin sosial mediadan olduqca aktiv istifadə etmələri öz bilik və bacarıqlarını bu platformalarda daha geniş auditoriyalara çatdırmaq imkanı yaradır.

Cavid Əkbərov, “İki sahil”

TOP XƏBƏRLƏR