Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində professor-müəllim heyəti üçün “Səriştəyönümlü təlimin təşkili yolları” mövzusunda seminar keçirilib.
Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov tədbirin açılışını edərək ölkədə təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilin yeni çağırışlara uyğunlaşdırılması, təhsilin idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görülən işlərdən və bu mövzuda fikir mübadiləsinin əhəmiyyətindən danışıb.
UNEC İctimai Nəzarət Şurasının üzvü, professor Hikmət Əlizadə “Səriştəyönümlü təlimin təşkili yolları” mövzusunda çıxış edib. O, müasir təhsil prosesində tələbələrdə analitik təhlil, sərbəst düşünmə qabiliyyətinin inkişaf etdirilməsinin, verilən məlumatlarla öz düşüncələri arasında əlaqələrin yaradılması, nəzəri bilikləri praktiki yollarla dərinləşdirmək yolu ilə qazandıqları bilik və səriştələri gələcək peşə fəaliyyətlərində tətbiq edə bilməsinin vacibliyini nəzərə çatdırıb və seminar iştirakçıları ilə öz təcrübəsini bölüşüb.
Seminarın sonunda iştirakçılar mövzu ətrafında maraqlı müzakirələr və fikir mübadiləsi aparıblar.