UNEC-in Mühəndislik fakültəsi və Dizayn məktəbinin təşkilatçılığı ilə 15 iyun - Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Dizayn məktəbinin direktoru Lalə Məmmədova bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub, belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş günüdür. L.Məmmədova çıxışında bu tarixi yaradannın Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev olduğunu qeyd edib, onun misilsiz əməyindən söhbət açıb.
Sonra tədbirdə çıxış edən Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. S. Abdullayeva çıxışında Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atıldığını vurğulayıb.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub və tələbələrin sualları cavablandırılıb.