İqtisadiyyat və idarəetmə fakültəsində işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbir keçirilib.
“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasınn dosenti İlqar Xəlilov tədbirdə çıxış edərək Qarabağ bölgəsinin coğrafiyası, bu bölgənin zəngin flora və faunası barədə ətraflı məlumat verib. İ.Xəlilov qeyd edib ki, Azərbaycan Respublikasının Qarabağ və onun ətrafındakı rayonların uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulmuş, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuş və Azərbaycanın ekologiyasına ciddi ziyan dəymişdir.
Sonra Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) baş müəllimi Cəmilə Həsənova Qarabağ bölgəsinin tarixi, mədəni abidələri barədə danışaraq, qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq, xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir.
C.Həsənova çıxışını davam edərək bildirib ki, Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla, XIX əsrə aid 4 türbə tamamilə məhv edilib, Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunmuşdur. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılaraq, istifadəsiz vəziyyətə salınmışdır.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.