Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda separatçılara qarşı apardığı antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbəsi Məmmədhəsənov Qasim Bilal oğlunun dekabrın 18-də doğum günü idi. Yaşasaydı 22 yaşı olacaqdı.
Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Sabirabad rayonunun Qaraqaşlı kəndində inşa edilmiş abidə kompleksinin açılış mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, təhsil aldığı məktəbin müəllim kollektivi, ailə üzvləri və döyüş yoldaşları, UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər 44 gün davam edən Vətən müharibəsinin qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs ediblər, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıblar. Şəhidlərin adlarını daim yaşatmağın, onların xatirəsini əziz tutmağın ən müqəddəs borc olduğunu, Qasim Məmmədhəsənovun adına abidə kompleksinin açılmasının da məhz bu amala xidmət etdiyini bildiriblər.
Fakültə dekanı dosent Hafis Hacıyev Qasim Məmmədhəsənov ilə bağlı xatirələrini bölüşüb, onun savadlı və bacarıqlı, Vətənini sevən bir gənc kimi yaddaşlarda əbədi qaldığını deyib.
Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri şəhidlərə həsr etdikləri “Gözlənən məktublar” adlı qısa tamaşanı nümayiş etdiriblər və iştirakçılara duyğusal anlar yaşadıblar.
Sonra abidə kompleksinin açılışı olub.