“Xocalı soyqırımının otuz ikinci ildönümünün keçirilməsi barədə”Azərbaycan Respublikası Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı Tədbirlən Planının icrası ilə əlaqədar olaraq UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə Xocalı soyqırımına həsr olunmuş “Xocalı - tarixin qan yaddaşı” adlı tədbir keçirildi.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxış edərək bildirdi ki, xalqımızın tarixinə faciə kimi daxil olmuş Xocalı soyqırımından 32 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisidir.Həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.
Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən qeyri-insani olanı və dəhşətlisidir.
Çıxışının sonunda Qələndər Muxtarlı bildirdi ki, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca səfərbər və tək yumruq oldu. Biz illərdir bu anı gözlədik. Xocalının intiqamını bu birliyimizlə aldıq və Ermənistana layiq olduğu yer göstərdik.
Xocalı soyqırımının şahidi,kollecin müəllimi Eldəniz Ədbülov çıxış edərək o dəhşətli gecədə gördüklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Şahid qeyd etdi ki, Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün türk dünyasına qarşı yönələn soyqırımdır.Bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisidir.
Kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxışında qeyd etdi ki, Xocalı soyqırıma hüquqi və siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin qisası alınmışdır.
Azərbaycan xalqının heç vaxt bu faciəni unutmayacağını söyləyən V.Orucov bildirdi ki, xalqımız həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir. İkinci Qarabağ müharibəsində qisası alınan Xocalı şəhidləri daim qəlblərdə yaşayacaq.
Tədbirin sonunda kollecin Tələbə Həmkarlar Təşkilatı tərəfindən hazırlanan Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunduş, tələbələr tərəfindən Xocalı soyqırımına həsr olunmuş şerlər və kompozisiyalar səsləndirildi.