A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqənin qaliblərini təqdim edirik:

I yer – Nərmin Ağalarzadə - II kurs

Rəsm əsərim ana yurdum Azərbaycanın inkişaf yolunu əks etdirir. Tabloda paytaxt Bakıda qeyd edilən tədbirlər və onların keçirildiyi məşhur memarlıq abidələri olan binalar əks edilib. Əsərdə parlaq rənglərə üstünlük verilib və bu da ümid, inkişaf və pozitivliklə baglıdır. Ölkəmizdə keçirilən tədbirlər bizi yalnız qonşu ölkələrdə yox, həm də beynəlxalq arenada tanıtdığından, əsərimdə kosmosa uçan raket təsvir edərək, “Azerspace-1” peykini vurğulamışam. Fikirlərimi, hisslərimi bu əsərdə əks etdirmək mənə ekstra rahatlıq, ruh yüksəkliyi gətirib. Bundan sonra da bu ruhda davam etmək, həm ölkəmizdə, həm də xaricdə təşkil edilən sərgilərdə iştirak etməyə çalışacağam.

II yer – Nuranə Xəlilova – III kurs

Müsabiqədə II yerə layiq görülən əsərimdə xalça ilə qədimliyin müasirlik üzərində təzahürünü verməyə çalışmışam. Xalçada istifadə edilən naxışlar “əfşan” adlanır. Mənası isə “saçmaq” deməkdir. Bununla da dövlətimizin gündən-günə çiçəkləndiyini, inkişaf etdiyini fırça ilə yaratmaq istəmişəm. Tabloda üçü yeni, üçü isə qədim olmaqla altı tikiliyə yer ayırmışam. Amma gənc rəssam kimi ən böyük arzum Qarabağı təsvir etməkdir. İnanıram ki, torpaqlarımız yaxın zamanda işğaldan azad ediləcək və mən Qarabağı xəyallarımda canlandırdığım kimi yox, öz gözlərimlə gördüyüm kimi təsvir edəcəyəm.II yer – Safura İsfəndiyarlı – II kursƏsərdə əlimdən gəldiyi qədər Azərbaycanın hər gün daha da müasirləşdiyini göstərdiyimi düşünürəm. Özüm “Formula 1” könüllüsü olduğum üçün ilk ağlıma gələn bu fikri kağıza tökmək oldu. Tabloda əks edilən göyərçin ilə isə müasirləşən Azərbaycanın sülh ölkəsi olduğunu vurğulamağa çalışdım. Mütəmadi olaraq sərgilərdə iştirak etməyi düşünürəm və növbəti müsabiqələrdə birinci yerə layiq görülməyə çalışacağam.III yer – Leyla Məmmədova – II kursMüasirliyimizin özülü keçmişimizlə, milli adət-ənənəmizlə bağlı olduğu üçün, hazırladığım əsərdə xalça muzeyini təsvir etmişəm. Tabloda həmçinin buta və neft buruqlarıda əks olunub. Yeni doğan günəş isə Azərbaycanın uğurlu gələcəyə addımladığını göstərir. Təbiət mənzərələrini işləməyi çox sevirəm və gələcəkdə bu mövzuda işlədiyim rəsm əsərlərindən ibarət sərgi təşkil etməyi arzulayıram.

III yer – Nərmin İsmayılzadə – II kurs

Mən müsabiqə üçün hazırladığım əsərdə daha çox müasirliyə üstünlük verməyə çalışdım. İdeya özümün idi. Çalışdım bütün fikrimi bir tabloda yerləşdirə bilim. Əsəri işləyərkən əsasən özümüzü – güclü iqtisadiyyatı olan dövlətin gənclərini gözümün önünə gətirmişəm.

III yer – Nərmin Seyidova – II kurs

Əslində müsabiqəyə təqdim etdiyim əsər tam da ürəyimcə deyildi. Çünki üç saat ərzində çəkmişdim. Yağlı boya ilə çəkdiyim üçün əsərin qurumasına bir həftə vaxt lazım idi. Yəni sırf vaxt azlığına görə əsərdən razı qalmamışdım. Münsiflər heyəti isə əsərimi bəyənib, dəyərləndirdi. Buna çox sevindim. Rəsm əsəri haqqında danışarkən onu demək istəyirəm ki, şəkildə müasir Bakını təsvir etdim. Şəhərimizə açılan mənzərə, müasir üslubda tikilən binalar və paytaxtın simvolu Qız Qalasını bir tabloda canlandırdım. Rəsm əsərimdə sərvət zənginliyi və birlik rəmzi olaraq, nardan, fonlarda isə hakimliyi və müdrikliyi bildirən tünd göy ilə gəncliyi simvolizə edən sarı rəngdən istifadə etdim.

TOP XƏBƏRLƏR