Aprelin 18-də UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) VI hesabat-seçki konfransı keçirilib.
Konfransda UNEC Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, əməkdaşlar və tələbələr iştirak ediblər.
THİK-nin sədri İlkan Əliyev 2017-2024-cü illər ərzində THİK-nin 7 illik fəaliyyəti ilə bağlı hesabat verərək bildirib ki, hesabat dövründə THİK tərəfindən tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər, idman və intellektual yarışlar keçirilib, maddi yardımlar və mükafatlar verilib, eləcə də UNEC-də keçirilən mədəni-kütləvi tədbirlərə dəstək göstərilməsi istiqamətində sistemli və müntəzəm fəaliyyət icra olunub.
UNEC THİK Təftiş Komissiyasının sədri UNEC Biznes Məktəbinin II kurs tələbəsi Məhəmməd Rəhimov təftiş komissiyasının son 7 illik fəlliyyəti barədə hesabatla çıxış edib. Bildirib ki, hesabat dövründə təftiş komissiyası öz işini müasir tələblər səviyyəsində quraraq, Tələbə Həmkarlar İttifaqı Komitəsi vəsaitinin saxlanmasında, onların məqsədəuyğun, düzgün və qənaətlə xərclənməsində, komitəyə ünvanlanan məktub və ərizələrə operativ baxılmasında, eləcə də maddi yardımların verilməsində qanun və qaydalara əməl edib.
Hesabat səsə qoyularaq, yekdilliklə qəbul olunub.
Sonra ümumi səsvermə ilə UNEC THİK-in 27 nəfərdən ibarət yeni heyəti, 5 nəfərdən ibarət Təftiş Komitəsi və 19 nəfərdən ibarət Rəyasət Heyətinin üzvləri seçilib. İlkan Əliyev konfrans iştirakçılarının yekdil səs çoxluğu ilə yenidən UNEC THİK-nin sədri seçilib. İlkan Əliyev konfrans iştirakçılarına göstərdikləri etimada görə təşəkkürünü bildirərək, bundan sonra da THİK-in qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.