UNEC tələbələrinə innovativ və operativ xidmət göstərən Bir Pəncərə sisteminin kolleclərdə tətbiqi məqsədilə kollecin əməkdaşları üçün UNEC-in Tələbə işləri mərkəzinin Bir Pəncərə şöbəsinin baş mütəxəssisi Nuriyyə Qarayeva tərəfindən təlim keçirilib.
Təlim zamanı kollecin əməkdaşlarına Bir Pəncərə sisteminə daxil olan müraciətlərin cavablandırılması, hər bir müraciətin icra mexanizmi, tələbələrə Bir Pəncərə profillərinin yaradılması qaydaları izah edilib və əməkdaşların sualları cavablandırılıb.
Bildirilib ki, sistem vasitəsilə tələbələr vahid mərkəzə müraciət edərək, tələb olunan təhsil sənədlərini ən qısa müddətdə əldə edə biləcəklər. “Bir Pəncərə” sistemi vasitəsilə tələbə ona lazım olan təhsil arayışının hazırlanması üçün şəxsi kabinetindən günün 24 saatı, həftənin 7 günü xidmətə müraciət edə bilir. Tələbələr “Bir Pəncərə”dən akademik transkript, təhsil arayışı, təhsil haqqı, hərbi xidmətlə bağlı arayışlar, məzun arayışı, eləcə də qiyabi təhsil alanlar üçün arayış və təhsil sənədlərinin (attestat, diplom) təsdiqlənmiş surəti verilir. Hazırlanmış sənəd imza və möhürlə təsdiq olunaraq, QR kodla PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir.