UNEC-in Biznes və menecment fakültəsində İqtisadçı Vətənpərvərlər təşkilatı ilə birgə 27 Sentyabr - Anım Gününə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım Günündə fakültə dekanı dos.Mirağa Əhmədov, Humanitar fənlər kafedrasının müəllimi Cəmilə Həsənova, eləcə də İqtisadçı Vətənpərvərlər Təşkilatının sədr müavini Ziyad Ağayev və fakültə üzrə təşkilatın sədri Aytin Xankişiyev Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadət göstərən əsgər və zabitlərimizin düşmənə sarsıdıcı zərbələr endirməsindən, bir yumruq kimi birləşən xalqımızın əzm və iradəsindən, həmrəyliyindən danışıblar.
Tədbirdə iştirak edən II Qarabağ müharibəsinin qaziləri Hacı Vəliyev və Adil Mirzəyev isə keçdikləri şərəfli döyüş yollarından söz açaraq, xatirələrini bölüşüblər.