A

Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin 2016-cı il məzunu Süleyman Qarayevin şəhadətindən dörd il ötür.

Şəhidin anım günündə təhsil aldığı Sabirabad rayonunun Qalaqayın kənd tam orta məktəbində tədbir keçirilb. Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin ailə üzvləri və döyüş yoldaşları ilə yanaşı, UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və tələbələr də iştirak ediblər.

Anım tədbirində Vətən müharibəsində xalqımızın qazandığı şanlı zəfərin tarixindən və ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda böyüməsinin zəruriliyindən danışılıb.

Fakültə dekanı dosent Hafis Hacıyev və şəhidin atası Əlbağış Qarayev onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdən sonra şəhidin məzarı ziyarət edilib. Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

Xatırladaq ki, Süleyman Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə yollanıb. O, oktyabrın 7-də Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

TOP XƏBƏRLƏR