UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) təşkilatçılığı ilə UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində Yaşıl Dünya naminə Həmrəylik ili çərçivəsində UNEC-in tələbələri üçün "Bütöv Vətən və yaşıl dünya" adlı düşərgə keçirilib.
UNEC-də təhsil alan əcnəbi tələbələrin və fakültələr üzrə ən yüksək bal toplayan tələbələrin də iştirak etdiyi düşərgədə UNEC-in tədqiqatçı tələbələri arasında “Yaşıl iqtisadiyyat” mövzusunda Müzakirə Forumu, “Yaşıl tədqiqatlarda rəqəmsal resurslardan istifadə bacarıqlarının artırılması” mövzusunda təlim, intellektual oyun, futbol və voleybol yarışları keçirilib.
Tələbələrin təşəbbüsü ilə quşların qorunması məqsədi ilə “Quş sığınacağları” hazırlanaraq, rənglənmişdir. Hazırlanmış “Quş sığınacağlarının” universitetin bütün korpuslarından asılması nəzərdə tutulub.
Düşərgənin əsas məqsədi ətraf mühitin qorunması, yaşıllıqların bərpası, artırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və COP29-un Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti istiqamətində tələbələrin maarifləndirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsidir.
Layihə çərçivəsində UNEC THİK-in sədri İlkan Əliyev tələbələrə düşərgənin proqramı barədə məlumat verib. Sonra UNEC Kitabxana İnformasiya Mərkəzinin direktor müavini, UNEC Biznesin idarə edilməsi kafedrasının müəllimi Yusif Musayev “Yaşıl tədqiqatlarda rəqəmsal resurslardan istifadə bacarıqlarının artırılması” mövzusunda təqdimatla çıxış edib. İnteraktiv sual-cavab formatında keçirilən təqdimat zamanı tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Maraqlı və səmərəli təşkil olunmuş düşərgədə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.