Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Kollecdə xüsusi dərslər keçirilib, seminarlar, mühazirələr və dəyirmi masa, kitab və foto sərgisi təşkil edilib.
20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş tədbirdə kollecin direktoru dos. Davud Davudov, kollecin tərbiyə işləri üzrə direktor müavini Murad Muradov və Tələbə Gənclər Təşkilatının sədri Vüqar Məmmədov çıxış edərək, 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycan tarixində mühüm rol oynadığını və xalqımızın azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildiyini vurğulayıblar. Qeyd edilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin zirvəsidir və bu hadisə azadlıq hərəkatını daha da gücləndirib.
Kollecin Humanitar və sosial fənn birləşmə komissiyasının müəllimi Təranə Cavadova 20 Yanvar hadisələrinə dair geniş məruzə ilə çıxış edib.
Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan Maliyyə-İqtisad Kollecinin rəhbər heyəti və tələbələr 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Kollecin kollektivi, faciə qurbanlarını yad edərək məzarları önünə güllər düzüblər.