Fevralın 13-ü Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsinin şəhidi Eldar Əliyevin doğum günüdür.
Şəhidin doğum günü tədbirində ailə üzvləri ilə yanaşı UNEC-in Türk Dünyası İqtisad Fakültəsi dekan müavini Cəvahirxanım Məmmədova, THİK-in sədr müavini Səbuhi İmanov, fakültənin müəllim heyəti və tələbələr iştirak ediblər.
UNEC kollektivi şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb.
Eldar Əliyev 1994-cü il fevralın 13-də Bakıda anadan olub. 2000-ci ildə Bakı şəhəri 70 nömrəli məktəb-liseyə daxil olub. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültesinə daxil olub. Savadına, intellektinə görə yoldaşlarından fərqlənən Eldar, 2012-ci ildə təhsil aldığı universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutub. 2020-ci il 27 sentyabr İkinci Qarabağ müharibəsinin başlaması ilə birlikdə Eldar da cəbhəyə könüllü olaraq yollanıb. 13 oktyabr tarixində Füzuli rayonu döyüşlərində qəhrəmanca şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.