A

Martın 5-də UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı və UNEC Tələbə Həmkarlar Komitəsinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Bu dəfə Analar danışacaq” adlı tədbir keçirilib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova tədbirin açılışını etdikdən sonra, İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova tədbirin məqsədi məlumat verib. Bildirib ki, “Bu dəfə Analar danışacaq” adlı tədbirin əsas məqsədi əlilliyi olan tələbələrin analarının həyat yollarını, yaşadıqları çətinlikləri və qazandıqları uğurları bölüşmələrinə imkan yaratmaqdır. Əlilliyi olan şəxslərin təhsilə və cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlardan söz açan S.Məhsimova UNEC-də inklüziv ali təhsil sahəsində nümunəvi modelin olduğunu diqqətə çatdırıb. O, əlilliyi olan gənclərin UNEC-in bütün təhsil, eləcə də sosial imkanlarından bərabərhüquqlu istifadə etməsi üçün bütün imkanların yaradıldığını və infrastrukturun təmin edildiyini bildirib.

Sonra tədbirdə iştirak edən analar öz övladları ilə birlikdə keçdikləri çətinliklərdən danışıblar,  qarşılaşdıqları maneələri aşmağın yolları barədə həyat təcrübələrini bölüşüblər.

Tədbirdə iştirak edən AR Əmək və Sosial Müdafiə Nazirliyinin nəzdində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin rəhbəri Tünzalə Verdiyeva, "Bacarıqlı Əllər Dünyası" İctimai Birliyinin sədri Azadə Məmmədova, “Zəfər Yolu” İB-nin təsisçisi və sədri Pərvanə Salman qızı, terapevt və osteopat Elfanə Süleymanova və digər qonaqlar tədbirin əhəmiyyətini vurğulayaraq, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təşviq edilməsinin vacibliyini bildiriblər. Onlar həmçinin belə tədbirlərin ictimaiyyətin diqqətini bu sahəyə yönəltmək və təhsil imkanlarının hər kəs üçün bərabər olmasını təmin etmək baxımından müstəsna rol oynadığını ifadə ediblər.

Tədbirin bədii hissəsi UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin və “Bacarıqlı Əllər” İctimai Birliyinin hazırladıqları proqramla davam edib.

Sonda tədbirdə çıxış edən analar üçün Bakı Fulla moda şirkətinin direktoru Fərhad Çeyil tərəfindən hədiyyələr təqdim edilib, iştirakçılar isə təşəkkürnamələr və sertifikatlarla təltif olunublar.

TOP XƏBƏRLƏR