A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Marketinq ixtisası üzrə I kurs tələbələrinin peşəkar inkişafını dəstəkləmək məqsədilə son iki ay ərzində unikal layihə həyata keçirilib.

Layihə UNEC-in Karyera planlaşdırılması və inkişafı kafedrasının müəllimi Sevinc Burzuyevanın təşəbbüsü ilə təşkil olunub.

Bu müddət ərzində 60-a yaxın tələbə marketinq sahəsində fəaliyyət göstərən təxminən 10 fərqli mütəxəssislə görüşmək imkanı əldə edib. Görüşlər qeyri-rəsmi, açıq və səmimi atmosferdə baş tutaraq tələbələrə sahə üzrə bütün suallarını birbaşa peşəkar mütəxəssislərə ünvanlamağa, əmək bazarının real tələbləri ilə tanış olmağa və şəxsi karyera planlarını formalaşdırmağa şərait yaradıb.

Layihənin əhəmiyyətli nəticələrindən biri də ondan ibarətdir ki, təqdim olunan imkanlardan yararlanan tələbələrdən 5-i artıq görüşdə iştirak edən mütəxəssislərin təmsil etdiyi şirkətlərdə təcrübə proqramına cəlb olunub. Bu fakt UNEC-də nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların inkişafına da böyük önəm verildiyini bir daha sübut edir.

Kafedra olaraq, tələbələrin əmək bazarına uğurlu inteqrasiyasını təmin edən bu cür təşəbbüslərin davamlı və sistemli şəkildə həyata keçirilməsi planlaşdırılır.

TOP XƏBƏRLƏR