UNEC Diplomatiya Təşkilatının təşəbbüsü ilə aprel ayı ərzində 4 təlimdən ibarət “Diplomatiya Akademiyası” layihəsi həyata keçirilib.
Layihənin məqsədi tələbələrin diplomatiya, multikulturalizm və əmək bazarı haqqında biliklərini artırmaq, eyni zamanda praktiki təcrübə qazanmalarına şərait yaratmaq olub.
İlk günün təlimçisi Aytac Əzizbəy olub. O, diplomatiyada bədən dilinin verdiyi mesajlar və onun qarşılıqlı ünsiyyətdəki əhəmiyyətindən danışıb.
İkinci gün Prioritet Sosial İqtisadi Araşdırmalar Mərkəzinin direktoru Zaur İbrahimli diplomatiyanın tarixi inkişafı və hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat verib, həmçinin şəxsi təcrübələrini tələbələrlə bölüşüb.
Üçüncü təlimdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov multikulturalizm və dünya diplomatiyasında müxtəlif mədəniyyətlərin rolu haqqında çıxış edib. O, fərqli millətlərin dünya tarixində oynadığı rola və müasir cəmiyyətə verdiyi töhfələrə diqqət çəkib.
Son təlimin qonağı isə “Yüksəliş” müsabiqəsinin finalçısı Əli Qurbanlı olub. O, “Bizi əmək bazarında dəyərli edən faktorlar” mövzusunda çıxış edərək, tələbələrlə gələcək karyera planlaması və uğura aparan yollar barədə məsləhətlərini bölüşüb.