A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Asudə vaxtın səmərəli təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva açaraq, gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, narkotik maddələrdən istifadə edənlərin taleyindən, onun insan həyatında yaratdığı sağalmaz fəsadları və ağır nəticələrdən, ondan qorunmağın vacib yollarından, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasından, asudə vaxtın səmərəli təşkili və onlarda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıblar. 

Psixoloji xidmət mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova narkomaniyanın qarşısının alınmasında gənclərin asudə vaxtının səmərəli təşkili, onların kütləvi surətdə idmana cəlb edilməsinin olduqca vacib məsələ olduğunu bildirib, tələbələrə asudə vaxtlarını necə daha faydalı və məqsədyönlü şəkildə keçirmələri, vaxtın düzgün idarə olunmasının psixoloji rifaha və akademik performansa təsiri haqqında məlumat verib. Psixoloq eyni zamanda asudə vaxtın yalnız “boş zaman” deyil, fərdi inkişaf, emosional rahatlıq və psixoloji balans üçün böyük imkanlar təqdim etdiyini vurğulayıb.

Sonra tələbələrə onların maraqlarına uyğun asudə fəaliyyətlər seçmək, özlərinə şəxsi vaxt ayırmaq və bu zamanın keyfiyyətli istifadəsi üzrə tövsiyələr təqdim olunub.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR