Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün gender bərabərliyinə həsr olunmuş seminar keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, gender bərabərliyinin təhsildə, iş həyatında və cəmiyyətdə geniş şəkildə təmin olunmasının vacibliyini qeyd edib, dövlətin bu istiqamətdəki siyasətinin inkişafını diqqətə çatdırıb, gender bərabərliyinin insan hüquqları və azadlıqlarının ayrılmaz bir hissəsi olduğunu vurğulayıb və bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
“İqtisadiyyat” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Ərəbiyyə Mustafayeva çıxış edərək qadın hüquqlarının qorunması və onlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə həm yerli qanunvericiliyin, həm də beynəlxalq hüquq normalarının tətbiqinin önəmli olduğunu bildirib, qadınların insan hüquqlarından və fundamental azadlıqlardan istifadə etmələrinə mane olan, onlara qarşı kök salmış müəyyən ayrı-seçkiliyin təzahürləri, qadınlar üçün əsaslı bərabərliyi təmin etmək məqsədilə zəruri olan xüsusi tədbirlər, bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruriliyindən danışıb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.