Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Öyrən, qoru, müdafiə et!” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, ölkəmizdə “İnsan hüquqları aylığı” çərçivəsində insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayan tədbirlərin keçirildiyini vurğulayıb, ölkəmizdə insan hüquqlarının qorunması sahəsində ciddi islahatlar aparıldığını qeyd edib və xüsusilə Konstitusiyamızın maddələrinin üçdə bir hissəsinin insan hüquq və azadlıqlarına həsr olunduğunu bildirib.
“İqtisadiyyat” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Ərəbiyyə Mustafayeva çıxış edərək hər bir insanın doğulduğu andan hüquq və azadlıqlara malik olduğunu, bu hüquqların dinindən, irqindən, cinsindən, milliyyətindən və ya digər xüsusiyyətlərindən asılı olmayaraq, hər kəsə bərabər şəkildə şamil edildiyini qeyd edib, respublikamızda insan hüquq və azadlıqlarının reallaşdırılması və yüksək səviyyədə müdafiəsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hər cür şəraitin yaradıldığını və dövlətimizin bu istiqamətdə beynəlxalq nüfuzunun artdığını vurğulayıb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.