A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsində professor-müəllim heyəti və tələbələrin iştirakı ilə “Sağlam həyat tərzi və ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi narkotik asılılığın formalaşma mərhələləri, onun fəsadları haqqında məlumatlandırmanı artırmaq və tələbələr arasında antinarkotik təbliğatın əhatəsini genişləndirmək olub.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, dosent Elçin Səmədov narkomaniyanı XXI əsrin ən ciddi qlobal problemlərindən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, bu problem təkcə şəxsi sağlamlığa deyil, eyni zamanda cəmiyyətin mənəvi və əxlaqi dayaqlarına da ciddi zərbə vurur. Dekan narkomaniyaya qarşı mübarizənin ölkəmizdə ümumdövlət vəzifəsi səviyyəsində həyata keçirildiyini və bu sahədə bir sıra Dövlət Proqramlarının icra olunduğunu diqqətə çatdırıb.

Seminarda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Şahin İsmayılov və Bakı Narkoloji Mərkəzinin psixoterapevti Günay Babayeva ölkədə narkotiklərlə bağlı aparılan mübarizə tədbirləri, gənclərin bu təhlükədən qorunma yolları və profilaktik işlərin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.

Sonra Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva ailə dəyərlərinin insan həyatındakı rolundan danışıb. O, gənclərin bu dəyərləri qoruyub gələcək nəsillərə ötürülməsinin cəmiyyətin mənəvi sağlamlığı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR